
"Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri və səfər çərçivəsində səsləndirdiyi fikirlər, istər Rusiya və Ermənistan, istərsə də Azərbaycan mətbuatında müxtəlif formalarda təhlil edilir. Hesab etmək olar ki, bütün təhlillərin tərkibində həqiqətən maraqlı faktlar və ehtimallar yer almaqdadır".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. Onun sözlərinə görə, Lavrovun Ermənistana səfəri çərçivəsində verdiyi açıqlamalardan anlamaq olar ki, Rusiya Ermənistandan vaz keçmək fikri yoxdur və əksinə yenidən Ermənistanı öz qanadı altına almaq təşəbbüsü göstərir:
"Erməni ekspertləri Moskvanın bu həmləsini, "Rusiyanın yeni Qafqaz siyasəti" kimi şərh etmələri də əslində təsadüfi deyil. Bu fikir, əslində "Rusiyanın yeni Ermənistan siyasəti" kimi səslənməsi daha yerində olardı, düşüncəsindəyəm. Çünki, Rusiya bütün dönəmlərdə Qafqaza məhz Ermənistan vasitəsilə sızıb və məskunlaşıb. Lavrovun İrəvanda "Ermənistan Azərbaycanın 7 rayonunu məhz Rusiya silahları ilə işğal etmişdir" ifadəsi əslində Rusiyanın, Ermənistan üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini qabartmaqla, Paşinyanın daxili auditoriyaya oynadığı, "Azərbaycan Ermənistana qarşı ərazi iddiaları edir" iddialarına cavab verib".
Ekspert qeyd edib ki, Lavrov gələcəkdə Ermənistana qarşı ola biləcək hər hansı bir təhlükənin qarşısının alınması istiqamətində Rusiya faktoruna və bu ölkə ilə böyük bir dövlətlə müttəfiqliyə işarə edərək, bütün dövrlərdə olduğu kimi bundan sonra da Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında, Rusiya silahının gücü və imkanları ilə birlikdə hərəkət etmək, Ermənistan üçün vazkeçilməz olduğuna dair eyhamlı mesajlar verdi:
"Lavrovun dolayısı ilə Qarabağ məsələsində Ermənistanı və onun əvvəlki siyasi rəhbərliyini günahkar çıxartması, həmçinin məğlubiyyətdə Rusiyanın günahının olmadığını sübut etmək cəhdləri, Paşinyan hakimiyyətinə qarşı bir daha jest etmək təşəbbüsü kimi qəbul etmək olar. Lavrovun İrəvanda söylədikləri və eyhamlı mesajları içində həmçinin, Azərbaycan və Türkiyəni hədəf alan işarələri də görməmək mümkün deyil. Əslində Ermənistanı öz istəklərinə rəm etmək üçün Türkiyə və Azərbaycandan təhdid kimi istifadə etmək cəhdləri, Rusiya siyasi mətbəxinin üslubuna uyğundur və bu səbəbdən Lavrovun ölkəmizə və Türkiyəyə qarşı işlətdiyi eyhamların heç bir təsir mexanizmi görünmür. Lavrovun İrəvana səfəri nəticəsində, Ermənistan hakimiyyətinin yenidən Rusiyaya yaxınlaşması ilə müşahidə olunması inandırıcı deyil və Ermənistan sadəcə olaraq Rusiyanın başını qatmaq üçün kiçik jestlər edə bilər, düşüncəsindəyəm".
Anar Əliyev