
28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində xüsusi dərs təşkil olunub. Dərsdə Azərbaycan dilini öyrənən özbək tələbələr iştirak ediblər.

Newscenter.az xəbər verir ki, dərs Azərbaycan dili müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva tərəfindən aparılıb. Respublika Gününün tarixi əhəmiyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və milli dövlətçilik ənənələrinin formalaşmasında rolu haqqında geniş məlumat verilib. M.Xudiyeva çıxışında qeyd edib ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşüb, xalqımızın azadlıq və müstəqillik arzusunun rəmzinə çevrilibdir. Tələbələrlə həmçinin Azərbaycan dövlət rəmzləri, milli-mədəni irsimiz, eləcə də müasir dövrdə ölkəmizin beynəlxalq nüfuzu barədə də söhbətlər aparılıb.
Dərsdə tələbələr Azərbaycan dilində vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Azərbaycan dilinin və milli dəyərlərimizin Özbəkistanda tədrisi və təbliği sahəsində bu cür tədbirlərin əhəmiyyəti danılmazdır. Açıq dərs, həmçinin iki qardaş xalq – Azərbaycan və Özbəkistan arasında mədəni və elmi əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Süleyman