
“Bu günkü müstəqil Azərbaycan dövləti 107 il əvvəl elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Şərəflə və qürurla bu adı özündə daşıyan Azərbaycan dövləti Cümhuriyyətin qurucularına hər zaman böyük ehtiramla yanaşır, onların yolunu davam etdirir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev də deyirdi ki, müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və müasir Azərbaycanın hər bir uğuru tariximizin parlaq səhifəsinə çevrilmiş Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu ənənələri özündə yaşadır: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Gördüyü bir sıra məqsədyönlü işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov 28 may Respublika Gününün əhəmiyyətindən danışarkən səsləndirib. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi zərurətdən meydana çıxdığını deyən millət vəkili bildirib ki, Birinci Dünya Müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin yeni mərhələyə qədəm qoyduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı mürəkkəb bir vəziyyətdə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi:
“Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, lakin qısa müddətdə Azərbaycan dövləti üçün çox mühüm işlərə imza atdı. Bir dövlətin varlığı üçün nə lazımdırsa, hamısını həyata keçirdi. Parlament formalaşdırdı, dövlətin atributları sayılan ordu, bayraq yaratdı. Şərqdə ilk demokratik ölkə kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququq verməklə də bir ilkə imza atdı. Hər şeydən öncə yeni qurulan cümhuriyyəti dünyada tanıtmaq, onun bərabərhüquqlu bir üzvünə çevrilmək zərurəti ortada idi ki, Cümhuriyyət qurucuları bunu da bacara bildilər. Bütün zamanlarda olduğu kimi bu dəfə Azərbaycanın sevincinə türk qardaşlarımız şərik çıxdı. 1918-ci ilin iyun ayında Osmanlı dövləti AXC-ni tanıyan ilk ölkə oldu. Sonrakı mərhələlərdə digər ölkələr Cümhuriyyəti tanımağa başladı ki, bu da beynəlxalq aləmdə AXC-nin özünü təsdiqi idi”.
Deputat qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövləti tərəfindən Xalq Cümhuriyyətinə, onun qurucularına böyük sayğı, diqqət göstərilir. İlham Məmmədovun sözlərinə görə, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamı, dövlətimizin başçısı İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi deyilənlərin təsdiqidir:
“Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə dövlət səviyyəsində dövlətçilik ənənələrinə, dövlətçilik tarixinə böyük önəm verilir. Cümhuriyyət dövrü tariximizin şanlı səhifələrindən biri hesab edilir”.
Süleyman