
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Newscenter.az xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident.
28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Ölkənizin müstəqilliyə nə qədər yüksək dəyər verməsi Azərbaycana son səfərimizdə mən və həyat yoldaşım Şəhidlər xiyabanını ziyarət edərkən xatirəmizdə daha aydın canlanaraq dərin iz saldı. İcazə verin, fürsətdən istifadə edərək Bakıda səmimi qəbula görə bir daha şəxsən Sizə və xanımınıza təşəkkürümü bildirim. Almaniya dövlətinin başçısının Azərbaycana bu ilk səfəri ölkələrimiz arasındakı sıx münasibətlərin əlamətidir.
Mən ikitərəfli əlaqələrimizin genişləndirilməsində çox maraqlıyam. Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən ölkəniz mühüm geostrateji mövqeyə malikdir. Çoxsaylı silahlı münaqişələr və yeni gərginliklər qarşısında biz birlikdə ciddi çağırışlarla üzləşirik. Buna görə də mən Sizin regionda sülhün bərqərar olunması üçün göstərdiyiniz səyləri xüsusilə yüksək qiymətləndirir və Sizə tezliklə ən yaxşı və davamlı nailiyyət əldə etməyi arzulayıram.
Sizə və həmvətənlərinizə sülh, əmin-amanlıq və möhkəm cansağlığı diləyirəm".
XXX
Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ölkəniz sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada artan nüfuza malikdir.
Rusiya-Azərbaycan münasibətləri dostluq, müttəfiqlik xarakteri daşıyır. Əminəm ki, konstruktiv ikitərəfli əməkdaşlığın, beynəlxalq məsələlərdə tərəfdaşlıq üzrə qarşılıqlı fəaliyyətin bundan sonra da birgə səylərlə gücləndirilməsini təmin edə biləcəyik. Bu, xalqlarımızın maraqlarına tamamilə uyğundur - Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir.
Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı və uğurlar, Azərbaycan Respublikasının bütün vətəndaşlarına isə sülh və tərəqqi arzulayıram".

Sevinc Mehdiyeva