
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif sabah Laçın Beynəlxalq Hava Limanının açılışını edəcəklər.
Newscenter.az xəbər verir ki, bu barədə trthaber məlumat yayıb. Bildirilib ki, sözügedən hava limanı Azərbaycanın ən hündür hava limanıdır.
1800 metr yüksəklikdə yerləşən hava limanı dağlıq əraziyə qayaların oyulması və ərazinin hamarlanması yolu ilə tikilib.
Təməli 2021-ci ildə qoyulan hava limanı Laçın şəhər mərkəzindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən 60 kilometr məsafədə yerləşir. Hava limanının uzunluğu 3 min metr, eni 60 metr olan uçuş-enmə zolağı və saatda 200 sərnişinə xidmət göstərə bilən terminal binası var.
Azərbaycanın Baş Naziri Əli Əsədovun mayın 26-da imzaladığı sərəncamla Laçın hava limanına “beynəlxalq hava limanı” statusu verilib. Bu statusla bağlı beynəlxalq təşkilatlara da məlumat verilib. Bununla da Azərbaycanda beynəlxalq hava limanlarının sayı 9-a çatıb.
Laçın Beynəlxalq Hava Limanının rayonda turizm və ticarətin inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
Bundan əvvəl isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli və Zəngilan hava limanlarının açılışında iştirak edib.
Azərbaycanın işğaldan azad etdiyi rayonlarda inşa edilən ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı 2021-ci il oktyabrın 26-da prezident Ərdoğan və Əliyevin iştirakı ilə istifadəyə verilib. 20 oktyabr 2022-ci ildə isə iki ölkənin liderləri Zəngilan Beynəlxalq Hava Limanının açılışını da ediblər.
Anar Əliyev