
Özbıkstanın Mədən və Geologiya Nazirliyində Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palataları Birliyinin baş katibi Adem Kulanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Dialoqda ikitərəfli əməkdaşlıq məsələləri, iri sənaye layihələrində tərəfdaşlıq imkanları, gələcəkdə mümkün birgə təşəbbüslər müzakirə edilib. Tərəflər mədənçıxarma sənayesi və geologiyanın perspektivli sahələrinə xüsusi diqqət yetiriblər.
Görüş zamanı nümayəndə heyətinin tərkibindəki bir sıra xarici şirkətlərin nümayəndələri təqdimatlarla çıxış ediblər. Onlar Özbəkistanın qiymətli mineral xammalın çıxarılması sahəsində potensialı, həyata keçirilən iri investisiya layihələri, yerli və xarici şirkətlər arasında uğurlu tərəfdaşlıq əlaqələri ilə maraqlanıblar.
Səfər çərçivəsində Nəvai və Almalıq mədən-metallurgiya kombinatlarının rəhbərləri və mütəxəssisləri ilə görüşlərin təşkili qərara alınıb. Tərəflər praktiki əməkdaşlığın daha da genişləndirilməsi, təcrübə mübadiləsi, yüksək texnologiyalı istehsalın tətbiqi ilə bağlı razılıq əldə ediblər.
Görüşün sonunda tərəflər birgə səylərin iki ölkənin, eləcə də bütün türk regionunun iqtisadi potensialının artırılmasına xidmət edəcəyinə əminliklərini ifadə ediblər.
Mehman Mehdiyev