Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Pakistan-Türkiyə dostluq-qardaşlığı yeni-yeni əməkdaşlıq imkanlarının meydana çıxmasına səbəb olacaq

Azərbaycan-Pakistan-Türkiyə dostluq-qardaşlığı yeni-yeni əməkdaşlıq imkanlarının meydana çıxmasına səbəb olacaq


“Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşünün sayca ikincisinin Laçında keçirilməsi mühüm əhəmiyyət kəsb etməklə yanaşı, həm də rəmzi məna daşıyır. Zirvə görüşünün Laçında keçirilməsi o deməkdir ki, həm Ankara, həm də İslamabadın Azərbaycanın ərazi bütövlüyü məsələsində mövqeyi dəyişməzdir, ölkəmizin öz ərazilərini işğaldan azad edərək orada quruculuq-abadlıq işlərini həyata keçirməsini hər iki dost, qardaş ölkə dəstəkləyir və bizim yanımızda yer alırlar. Necə ki, eyni ilə Azərbaycan da həm Türkiyə, həm də Pakistanın ərazi bütövlüyünə dəstək nümayiş etdirir, qardaş Türkiyənin PKK, FETÖ kimi terror təşkilatına qarşı apardığı mübarizədə Ankaranı dəstəkləyir, Kəşmir məsələsində Pakistanın haqlı mövqeyindən çıxış edir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşünü şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, 3 ölkə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsindədir, həm ikitərəfli münasibətlərdə, həm də bütün beynəlxalq təşkilatlar çərçivəsində özünü açıq göstərir:

“Cənab Prezident İlham Əliyevin Zirvə Görüşündə çıxışı zamanı qeyd etdiyi kimi Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. Dövlət başçımız 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını ifadı etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var”.
İlham Məmmədov onu da xüsusi olaraq vurğulayıb ki, Pakistanın Baş nazirinin Laçına səfər etməsi həm də Hindistan silahları hesabına silahlanan Ermənistana həm də bir mesaj, ismarıcdır:

“Yəni, Qarabağ həm Pakistan, həm də Türkiyə üçün qırmızı xəttdir. Burada hansısa gərginliyin yaradılmasına hesablanmış addım, siyasət təkcə Azərbaycan deyil, eyni zamanda Türkiyə və Pakistana qarşı yönəlmiş addım sayılmalıdır. Elə Pakistan Baş nazirinin çıxışında da bu mesaj özünü açıq şəkildə göstərirdi. Baş nazir Məhəmməd Şahbaz Şərif bildirdi ki, son dövrlərdə bu tarixi münasibətləri Qarabağda, Kəşmirdə və Şimali Kiprdə bir-birimizin yanında olmağımızla gücləndirmişik. Bizim gücümüz həmrəyliyimizə və qarşılıqlı hörmətə əsaslanır”.

İlham Məmmədov onu da qeyd edib ki, gün-gündən güclənən Azərbaycan-Pakistan-Türkiyə dostluq-qardaşlığı iləridə daha yeni-yeni əməkdaşlıq imkanlarının meydana çıxmasına səbəb olacaq.

Süleyman
Xəbəri paylaş