
"Dost və qardaş ölkələr olan Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlıq əlaqələri ildən-ilə, gündən-günə güclənməkdədir. May ayının 28-də Laçın şəhərində keçirilmiş üç ölkə rəhbərlərinin Zirvə görüşü münasibətlərin genişlənməsinə sözsüz ki, yeni güclü təkan verəcək".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Mətanət Qəribova deyib. O bildirib ki, zirvə görüşünün gedişində çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz və xalqlarımız yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanında olublar, həmrəylik və qarşılıqlı dəstək nümayiş etdiriblər:
"Laçın Zirvə görüşündə ölkələrimiz arasındakı strateji əməkdaşlıq bir daha təsdiqləndi.Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edir.
Laçın şəhərinin ev sahibliyi etdiyi tədbir isə böyük rəmzi anlam daşıyır. Vaxtilə 30 il işğal altında qalan bu şəhərdə indi beynəlxalq səviyyəli zirvə keçirilir. Bu isə təkcə qələbənin deyil, həm də ədalətin, əzmin və milli həmrəyliyin təntənəsidir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan xalqı heç zaman işğalla barışmadı, dövlət gücünü topladı, beynəlxalq hüququn yanında mövqe tutdu və ən əsası isə vətənpərvər, milli ruhda böyüyən gənc nəslin sayəsində öz ərazi bütövlüyünü bərpa etdi. Bu, regionda yeni geosiyasi reallığın əsas sütununa çevrilib. Şuşadan başlanan zəfər yolu Laçına, ordan isə bütün dünyaya qardaşlıq, güc və sabitlik mesajı verir. Bu baxımdan, Prezident İlham Əliyevin “Biz artıq dörd ildən çoxdur ki, müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq” fikri müasir Azərbaycanın ruhunu ifadə edir".
Anar Əliyev