
Özbəkistan BMT-nin himayəsi altında qlobal tranzit zəmanətlərinin yaradılmasını təklif edir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, belə bir təşəbbüsü Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərindəki Avaza turizm zonasında keçirilən BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü konfransında çıxışı zamanı səsləndirib.
Konfransda BMT-nin baş katibi Antonio Quterreş, Mərkəzi Asiya dövlətlərinin başçıları, eləcə də bir sıra digər dövlət və hökumətlərin, beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak ediblər.
Konfransda nəqliyyat əlaqələrinin gücləndirilməsi, ticarətin asanlaşdırılması, davamlı inkişaf, iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi məsələləri müzakirə edilib.
Mirziyoyev qeyd edib ki, konfransda müzakirə olunan məsələlərin həyati əhəmiyyəti var, çünki dəniz limanlarından coğrafi məsafə və bir neçə ölkənin ərazilərindən keçmək zərurəti bir sıra obyektiv problemlər yaradır.
Mehman Mehdiyev