
"İran və Rusiya rəsmilərinin iki gün öncə Ağ Evdə Prezident Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin imzaladığı tarixi sənədlərə qeyri-konstruktiv və hədələyici tonda verdiyi açıqlamalar gözlənilən idi. Ancaq Tehran və Moskvanın başlanan prosesləri dayandırmaq gücü yoxdur və Cənubi Qafqaza sülh, təhlükəsizlik, inkişaf, əmin-amanlıq gələcək. Bundan təkcə region ölkələri deyil, İran və Rusiya da bəhrələnəcək".
Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov Vilayəti və Zaxarovanın Vaşinqtonda baş tutan görüşlərlə bağlı bəyanatlarına münasibət bildirərkən səsləndiriib.
Ə.Orucov deyib ki, Cənubi Qafqaz bilavasitə Rusiyanın dağıdıcı, qızışdırıcı və müstəmləkə siyasəti ilə uzun illərdir planetin qaynar nöqtəsinə çevrilib:
"Qanlı müharibələr və qarşıdurmalar həm inkişafa mane olub, həm də xalqlar arasında düşmənçilik və nifaq toxumu səpib".
Əli Orucov qeyd edib ki, Vaşinqtonda üçtərəfli görüşlərdən sonra bütün bu problemlərin aradan qaldırılması, etimad və güvən mühitinin yaradılması, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq, kommunikasiya xətlərinin açılması, millətlər arasında normal barışın əldə olunmasında geniş üfiqlər açılıb:
"Region xarici investorlar üçün cəlbedici məkana çevrilir. Təbii ki, bütün bu nailiyyətlər heç də asan başa gəlməyib. Prezident İ.Əliyevin müdrik və uğurlu xarici siyasəti öz bəhrəsini verməliydi və verir də. Azərbaycanın çalışdığı və təşəbbüsləri ondan ibarətdir ki, beynəlxalq hüquq işlək hala gəlsin, əməkdaşlıqdan, normallaşmadan hamı qazansın. Rusiya və İran görülən işlərə dəstək verməlidir ki, özlərini tədric vəziyyətinə salmasınlar. Əks halda hər iki paytaxt itirəcəklərini heç nə ilə kompensasiya edə bilməyəcəklər".
Süleyman