
"Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulevin Azərbaycan mallarının bu ölkəyə idxalının qadağan edilə biləcəyi barədə açıqlaması gözlənilən idi. Ancaq Andrey Qurulevin bu fikirləri heç də bütünlükdə rus xalqının, yaxud Kremlin rəsmi mövqeyi deyil. Düzdür, Kreml Azərbaycanın regionda oynadığı mühüm rolu qəbul etmək istəmir, Bakının uğurlarına qısqanclıqla yanaşır. Ən son Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamə fonunda Rusiya Azərbaycana qarşı açıq şəkildə qeyri-dost, müttəfiqlik sazişinə zidd olan münasibətini ortaya qoyub. Ancaq bütün bunlarla yanaşı onu deyə bilərəm ki, Kreml hər nə qədər Azərbaycana nifrət etsə də, lakin indiki situasiyada Azərbaycan mallarının idxalına qadağa tətbiq etməklə özünə daxildə sosial problem yaratmaq istəməz".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı Rusiyanın Azərbaycan mallarının idxalına qadağa tətbiq etməsi ilə bağlı Dövlət Dumasının üzvləri tərəfindən irəli sürülən təşəbbüsü şərh edərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, şimal qonşumuzun belə bir addım atması Kremlin öz xalqını aclığa sürükləməsi kimi bir şey olar:
"Bu bir danılmaz faktdır ki, Rusiya bazarlarının böyük bir hissəsini idxal malları təşkil edir. Bu sırada Azərbaycan xüsusi yer tutur. Hər il Azərbaycandan bu ölkəyə idxal edilən milyon tonlarla ərzaq məhsulları rusların gündəlik tələbatlarının ödənilməsində mühüm rol oynayır. İndi Azərbaycan mallarının idxalına qadağa tətbiq etmək spirtli içki qəbul etməyə aludəçi olan, kənd təsərrüfatı, torpaqda işləməyə maraqlı görünməyən rusları düşünülmüş şəkildə aclıqdan qırmaq olardı. Ona görə də Rusiya hakimiyyətinin belə bir ağılsız addım atacağına inanmıram. Onsuz da Ukrayna müharibəsi səbəbindən Qərbin sanksiyaları ilə üzləşən Rusiya ciddi sıxıntılar, ərzaq problemləri ilə üzləşir. Belə bir vaxtda Azərbaycan mallarının idxalına qadağa tətbiq etmək bilərəkdən tarana getmək olardı. Bununla Azərbaycan heç nə itirmiş olmayacaq. İtirən yalnız Rusiya olacaq. Çünki Azərbaycan mallarına dünya bazarlarında kifayət qədər böyük tələbat var və ildən-ilə də ixrac coğrafiyamız artır".
Arzuman Muradlı hesab edir ki, Kreml müxtəlif siyasi dairələrin xətti ilə Azərbaycanla hədə dilindı danışmaq əvəzinə ağlını başına yığıb Bakı ilə daha konstruktiv münasibətlərə üstünlük verməlidir:
"Sərt ritorika, hədə-qorxu daha çox Rusiyanın maraqlarına zərbə vurmuş olacaq".
Süleyman