Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehran və Moskva reallıqla hesablaşmalıdır

Tehran və Moskva reallıqla hesablaşmalıdır


"Azərbaycanın diplomatik triumfu sayılan Vaşinqton görüşündən sonra Rusiya və İranın istər rəsmi şəxslərinin, istərsə də hakimiyyətə bağlı medianın və ekspertlərin ölkəmizə qarşı təhdidləri, ittihamları, informasiya hücumlarını genişləndirməsi gözlənilən idi. Çünki avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında baş tutan tarixi görüşün nəticələri və eyni zamanda sülh sazişinin mətninin paraflanması, Minsk qrupunun buraxılması, 907-ci düzəlişin ləğv edilməsi, habelə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu - TRIPP" adlı tranzit dəhlizinin (Zəngəzur dəhlizi) açılması kimi prinsipial məsələlərdə razılaşmaların əldə edilməsi demək olar ki, Moskva və Tehranın Cənubi Qafqaz və Yaxın Şərqlə bütün geosiyasi, geoiqtisadi planlarını alt-üst etdi".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, şimal və cənub qonşularımız yaxşı bilirlər ki, Vaşinqtonda əldə edilən razılaşmalar Azərbaycanın Cənubi Qafqazdakı aparıcı mövqeyini daha da gücləndirəcək, Bakı və İrəvanı kənar təsirlərə qarşı birgə mübarizə aparmağa sövq edəcək və beləliklə, Rusiya və İranın regiondakı proseslərə təsir gücünü məhdudlaşdıracaq:

"Hətta bəzi qatı rus və fars şovinistləri "Tramp Marşrutu"nun açılmasının razılaşdırılmasını Rusiya və İranın regiondan qovulması, ABŞ və Türkiyənin Cənubi Qafqazı ələ keçirməsi kimi də qiymətləndirirlər. Onlar ABŞ-ın regionda yerləşməsini və eyni zamanda, Azərbaycan və Türkiyənin "Tramp Marşrutu" (Zəngəzur dəhlizi) vasitəsilə Türküstan (Mərkəzi Asiya) ilə nəqliyyat-logistik cəhətdən birləşməsini öz geosiyasi maraqları üçün böyük təhdid kimi görürlər. Bu baxımdan, İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayətinin "Tramp Marşrutu"na qarşı ifrat sərt mövqe sərgiləməsi və bu dəhlizi "Amerika qəbristanlığı" adlandırması heç də təsadüfi deyil. İranın şovinist qüvvələri, xüsusən də SEPAH-a bağlı olan panfarsçı media qurumları da Zəngəzur dəhlizinin ABŞ tərəfinə 99 illik müddətə icarəyə verilməsini "İranın şimal sərhədlərini itirilməsi" kimi və ya “İranın regionda geosiyasi boğulması” kimi qiymətləndirirlər.
Həm Tehran, həm də Moskva Vaşinqton görüşünün nəticələrini bloklamaq və regiondakı məkrli oyunlarını daha da genişləndirmək üçün hazırlıqlara başlayıblar. Ən maraqlısı da budur ki, İran rəsmiləri dəhlizin qarşısını almaq üçün "Rusiya ilə və ya onsuz" addımlar atacaqlarını bəyan ediblər. Öz növbəsində Rusiya tərəfi də 10 noyabr üçtərəfli bəyanatının qüvvədə olduğunu bildirməklə faktiki olaraq İranla eyni mövqedən çıxış edərək ABŞ-ın bölgədə fəallaşmasını bloklamaq niyyətini nümayiş etdirir. ABŞ-la bərabər, Türkiyənin də Cənubi Qafqazda mövqeyinin güclənməsi, dominantlıq qazanması Rusiya və İranı ciddi şəkildə narahat edir".

Komitə sədri qeyd edib ki, lakin şimal və cənub qonşularımızın bütün bu narahatçılıqları tamamilə əsassızdır:

"Çünki Azərbaycanın məqsədi Cənubi Qafqazın geosiyasi rəqabət meydanına çevrilməsinə rəvac vermək yox, bu bölgənin qlobal sülh və əməkdaşlıq platforması kimi önə çıxmasına nail olmaqdır. Rəsmi Bakının təklif etdiyi "3+3" düsturunun əsas amacı da məhz buna hesablanmışdı. Bu modelin tətbiqi bölgənin taleyində gerçəkdən də əsl dönüş nöqtəsi ola bilərdi. Təəssüf ki, İran və Rusiya "3+3" formatının həyata keçməsinə lazımi dəstəyi vermədi. Bunun nəticəsidir ki, Vaşinqton razılaşmaları yeni geosiyasi reallığa çevrildi. Lakin Azərbaycan İran və Rusiyanı yenə də konstruktiv əməkdaşlığa çağırır. Əlbəttə, İran və Rusiya öz köhnə vərdişlərinə sadiq qalaraq istənilən təxribata əl ata bilər. Lakin Putin Rusiyası və fars-molla rejimi Vaşinqton razılaşmalarına mane ola bilməyəcək. Çünki əvvəla, Azərbaycan həm Rusiya, həm də İranın təxribatlarına kifayət qədər öyrəncəli və hazırlıqlıdır. Bu gün Moskva da, Tehran da İlham Əliyevin nüfuzu ilə, güclu və qalib Azərbaycan faktoru ilə hesablaşmağa məcburdur. Eyni zamanda, Ağ Evin Vaşinqton razılaşmalarının əsas qarantoru olduğunu da əsla unutmamalıyıq. Rusiya və İran dünyanın bir nömrəli super dövləti olan ABŞ-ın bölgədəki sabitləşdirici roluna mane olmaq gücünə malik deyil. Bu mənada İran və Rusiyanın Azərbaycanın, ABŞ və Ermənistan qarşılıqlı faydalı hesab etdiyi, Türkiyənin isə sıx dəstək verdiyi Vaşinqton razılaşmasına mane olmaq üçün edə biləcəyi çox az şey var. Ona görə də Tehran və Moskva gücünü şər işlərə yox, bölgədə sülh və əməkdaşlığa yönəltməlidir. Onlar reallıqla hesablaşmalıdırlar".

Süleyman
Xəbəri paylaş