
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Dünya Taekvondo Federasiyasının (WT) prezidenti Çunqvon Çonu qəbul edib.
Newscenter.az "Akorda2ya istinadən xəbər verir ki, Tokayev Çunqvon Çonun səfərinin Qazaxıstanın idman ictimaiyyəti üçün mühüm hadisə olduğunu bildirib:
"Bu, həm də Dünya Taekvondo Federasiyasının ölkəmizdə idmanın bu növünün inkişafına hərtərəfli dəstək verməyə hazır olduğundan xəbər verir".
Qasım-Jomart Tokayevin sözlərinə görə, G1 kateqoriyası üzrə “Kazakhstan Open 2025” beynəlxalq reytinq turnirinin paytaxtda keçirilməsi yerli idmançıların peşəkar inkişafı, təcrübə mübadiləsi, Milli Federasiyanın rəqabət qabiliyyətinin artırılması üçün geniş imkanlar açacaq.
Görüşün sonunda Qazaxıstan Prezidenti Çunqvon Çonu dünyada taekvondonun inkişafında mühüm xidmətlərinə görə II dərəcəli “Dostluq” ordeni ilə təltif edib.
Dünya Taekvondo Federasiyasının prezidenti xüsusi ehtiram əlaməti olaraq doqquzuncu dan qara kəmərini Tokayevə təqdim edib.
Anar Əliyev