
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından böyük əhəmiyyəti vardır".
Newscenter.az xəbər verir ki, bu fikirləri YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev səsləndirib. O deyib ki, yarandığı ilk gündən etibarən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin arasında bir çox məsələlərdə fikir ayrılığı olduğuna görə, Dağlıq Qarabağ məsələsinin həllində onlar ortaq məxrəcə gələ bilmədilər:
"Bu səbəbdən danışıqlar prosesi 1992-ci ildən 2020-ci ilə qədər uzana-uzana gedirdi. Ola bilər ki, biz sadəlövhcəsinə indiyə qədər elə düşünmüşdük ki, həmsədrlər bir araya gəlib Ermənistanı məcbur edəcəklər ki, işğalçılıq siyasətindən əl çəksin və işğal altında olan torpaqları azad etsin. Minsk Qrupu bunu heç vaxt edə bilməzdi. Ən azından nə Fransa, nə Rusiya, nə də ABŞ Azərbaycana görə Ermənistanla münasibətini korlamaq istəmədiyinə və bu məsələdə hansısa maraq güddüklərinə görə vaxtı uzadırdılar".
Qafar Əliyev qeyd edib ki, son nəticədə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son verilməsi Azərbaycan diplomatiyasının qələbəsi idi.
Anar Əliyev












































