Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəsimi rayonunda "Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

Nəsimi rayonunda "Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib


Nəsimi Rayonunda "Konstitusiya və Suverenlik İli” çərçivəsində “Korrupsiyaya qarşı mübarizədə Konstitusiya və Suverenliyin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, İctimai Şuranın üzvləri, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin məsul əməkdaşları, ictimai təşkilatların rəhbərləri iştirak edib.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Ramiz Quliyev tədbir iştirakçılarını salamlayaraq, qeyd etdilər ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” nın icrası ilə bağlı həyata keçirilən tədbirlər sırasında vətəndaş cəmiyyəti institutları ilə birgə fəaliyyət mühüm əhəmiyyət kəsb edir. Birgə layihələr çərçivəsində rayon ərazisində həyata keçirilən sosial-iqtisadi, təhsil, səhiyyə, şəhərsalma, və s. tədbirlərin layihələrini göstərmək olar. Bu tədbirlərdə rayon ərazisindəki ictimai birliklər yaxından iştirak edirlər.

Natiqlər xüsusi vurğuladılar ki, Azərbaycan Respublikası öz suverenliyini bərpa etdikdən sonra korrupsiya ilə mübarizəni dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Bu mübarizənin təməlini isə Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir. Konstitusiyamız hər bir vətəndaşın qanun qarşısında bərabərliyini, ədalətli mühakimə olunma hüququnu və dövlət orqanlarının fəaliyyətində şəffaflığı təmin edən fundamental prinsipləri özündə ehtiva edir. Konstitusiyanın 71-ci maddəsində dövlət orqanlarının və vəzifəli şəxslərin qanuna uyğun fəaliyyət göstərməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi birbaşa göstərilir. Bu müddəalar korrupsiyaya qarşı mübarizənin hüquqi bazasını təşkil edir. Bu gün biz məhz bu mövzunu – korrupsiyanın cəmiyyətimizə vurduğu zərərləri, onunla mübarizənin yollarını və bu mübarizədə Konstitusiyamızın və suverenliyimizin mühüm rolunu müzakirə etmək üçün bir araya gəlmişik. Korrupsiya — yalnız iqtisadi inkişafa mane olan, investisiya mühitini pisləşdirən bir problem deyil, həm də dövlətin təməl prinsiplərini sarsıdan, vətəndaşın dövlətə olan inamını zədələyən ciddi bir bəladır. Korrupsiya dövlət idarəçiliyində şəffaflığı azaldır, cəmiyyətdə sosial ədalətsizlik yaradır və ən əsası, qanunun aliliyini şübhə altına alır. Dövlət başçımızın rəhbərliyi ilə son illərdə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm addımlar atılmışdır. "ASAN xidmət" mərkəzlərinin yaradılması, elektron xidmətlərin genişləndirilməsi və bürokratik əngəllərin aradan qaldırılması bu mübarizənin ən uğurlu nümunələrindən biridir. Bu addımlar vasitəsilə vətəndaş-məmur münasibətlərində şəffaflıq artırılmış, korrupsiya üçün zəmin yaradan halların qarşısı alınmışdır. Hər birimiz bilməliyik ki, qanunsuzluğa göz yuman, korrupsiyaya bulaşan şəxslər yalnız özlərinə deyil, bütün cəmiyyətə, ölkəmizin gələcəyinə zərər verirlər.

Digər çıxış edənlər- 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Abbasova, 20 nömrəli şəhər poliklinikasının baş həkimi Nigar Abdullayeva və Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Nicat Əliyev çıxışlarında bildirdilər ki, korrupsiyaya qarşı mübarizə təkcə hüquqi və inzibati tədbirlərlə məhdudlaşmamalıdır. Bu, cəmiyyətin hər bir üzvünün, o cümlədən gənclərimizin, müəllimlərimizin, həkimlərimizin və hər bir vətəndaşın fəal iştirakını tələb edən bir prosesdir. Cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlük mühitinin formalaşdırılması, hüquqi maarifləndirmə işlərinin gücləndirilməsi bu mübarizədə mühüm rol oynayır.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş