
"Rusiya maksimum dərəcədə çalışacaq ki, Azərbaycanla Ermənistan arasında gedən nizamlama prosesi. eləcə də Vaşinqtonda imzalanmış üçtərəfli bəyannaməyə əngəl olmağa çalışsın. Bunun üçün Kreml Ermənistana qarşı təsir vasitələrindən istifadə edəcək".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya dəvət edilməsi də məhz bu məqsədə xidmət edir:
"Bildiyimiz kimi Rusiya Ermənistana qarşı ciddi iqtisadi təsir imkanlarına malikdir. Bu ölkənin enerji sektoruna nəzarət demək olar ki, Rusiyaya məxsusdur. Hesab edirəm ki, erməni baş nazirə Kreml rəhbəri bunları bir daha xatırladacaq və Rusiyanın orbitindən çıxmamağı tövsiyə edəcək".
Arzuman Muradlı deyir ki, hər hansı təsir mexanizmlərinə baxmayaraq Ermənistan hakimiyyəti özündə siyasi iradə tapıb Vaşinqton bəyannaməsinə sona qədər sadiq qalmalı, onun icrası istiqamətində təxirəsalınmaz addımlar atmalıdır:
"Ermənistanın yenidən Amerika və Rusiya arasında var-gəl etməsi, qərarsəzlıq nümayişi İrəvanın özünə ziyan edər. Mən inanmıram ki, Ermənistan hakimiyyəti Vaşinqtonda yaranmış ideal imkanlardan imtina etsin və özünə əlavə problem yaratsın. Çünki Ermənistan üçün bundan yaxşı variant ola bilməz".
Süleyman