
"Bu gün Alyaskada Donald Tramp ilə Vladimir Putin arasında baş tutacaq sammit ərəfəsində Ukrayna Prezidenti Vladimir Zelenskinin mövqeyində yumşalma müşahidə olunur. Bu barədə "The Telegraph" öz mənbələrinə istinadla bir müddət əvvəl məlumat yaymışdı. Məlumata görə, Kiyev döyüşlərin dayandırılması və Rusiyanın artıq işğal etdiyi Luqansk, Donetsk, Zaporojye, Xerson vilayətləri və Krım üzərində faktiki nəzarətini tanımaq variantını nəzərdən keçirməyə hazırdır. Qeyd olunur ki, bu, bəzi Avropa ölkələrinin dəstəyini qazanıb və təklif cəbhə xəttinin “dondurulmasını”, Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsini, o cümlədən silah tədarükü və NATO-ya üzvlük perspektivini nəzərdə tutur".
Newscenter.az xəbər verir ki, bunları politoloq Zeynal Əmrəliyev səsləndirib. O deyib ki, istənilən halda, ərazi güzəşti təklifi bir qədər şübhəli görünür:
"Bu ölkə daxilində Zelinskiyə qarşı kütləvi narazılığın yaranmasına gətirib çıxara bilər. Bir müddət əvvəl korrupsiya əleyhinə mübarizə qanuna görə reytinqin aşağı düşməsi Zelinskini daha ehtiyyatlı olmağa vadar edir. Buna rəğmən ərazi güzəşti müharibəni dayandıra və Ukraynanı Qərbin bir parçası edə bilər. Donald Trampın hazırda çalışdığı əsas məsələ müharibənin aktiv fazasının dayandırılması və uzun müddətli atəşkəs rejiminin təmin edilməsidir".
Anar Əliyev