Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər şey Zelenski-Putin danışıqlarından asılı olacaq

Hər şey Zelenski-Putin danışıqlarından asılı olacaq


Dünənki görüşün sülhə necə töhfə vercəyini zaman göstərəcək. Bu görüşün Ukrayna böhranının həllinə təkan verib verməyəcəyini demək hələ ki, tezdir. İstər Alyaskada Tramp və Putin arasında, istərsə də dünən Tramp, Zelenski və Avropa liderləri arasında keçirilən görüşdə müsbət məqam ondan ibarətdir ki, hər kəs Ukraynaya təhlükəsizlik zəmanəti verilməsi ilə bağlı ortaq mövqeyə malikdir.
Bəyanatlardan məlum olur ki, Avropa liderləri qısa vaxt ərzində bu təhhlükəsizlik zəmanətinin nədən ibarət ola biləcəyinə dair konkret təkliflərlə çıxış edəcəklər. Buraya Ukrayna üçün peşəkar ordunun yaradılması, hazırlanması, silah və texnika ilə təmin olunmasından tutmuş, ayrı-ayrı ölkələrin hərbi birliklərinin Ukrayna ərazisinə təmas xəttindən uzaq ərazilərə yerləşdirilməsinə qədər bir çox təkliflər daxildir.

Əsas müzakirə predmeti olan digər iki məsələ isə açıq olaraq qalır. Bunlardan birincisi ərazi mübadiləsi məsələsidir. Putin Donetskin işğal altında olmayan ərazilərinin də Rusiyanın nəzarətinə verilməsi müqabilində Xarkov və Sumi istiqamətində geri çəkilə biləcəyini və cəbhənin bütün ərazilərində müharibənin dondurula biləcəyinə dair təklif verib. Buraya təbii ki, Ukraynanın Kursk istiqamətində nəzarət etdiyi ərazilərdən çəkilməsi müqabilində Rusiyanın işğal altında saxladığı hansısa digər ərazilərdən də geri çəkilə biləcəyini ehtimal olaraq deyə bilərik. Amma məsələ burasındadır ki, hər hansı ərazi mübadiləsi və ya ərazi güzəşti Zelenskinin özbaşına verə biləcəyi qərar deyil. Bunun üçün referendum keçirilməli, Konstitusiya dəyişkiliyi baş verməlidir. Elə Zelenski də dünənki görüşdən sonrakı açıqlamasında ərazi məsələlərinin Putinlə müzakirə ediləcəyini bildirərkən onu da əlavə etdi ki, Konstitusiya hər hansı ərazi məsələsini istisna edir. Yəni başqa szölə hətta razılşama olsa belə bununla bağlı referendum keçirilməlidir. Referendum üçün isə ilk növbədə müharibənin dayandırılması, yəni atəşkəs lazımdır.

Elə digər mühüm məsələ də məhz atəşkəslə bağlıdır. Məlumdur ki, həm Zelenskinin, həm də Avropa liderlərinin təklifi ondan ibarətdir ki, müharibədə atəşkəs elan olunsun və bütün danışıqlar atəşkəs şəraitində həyata keçirilsin. Danışıqların uzun bir dövrü əhatə edəcəyini nəzərə alsaq bu məntiqli təklifdir. Lakin Rusiya tərəfi atəşkəsdən faktiki olaraq imtina edir.

İndi hər şey Zelenski-Putin danışıqlarından asılı olacaq. Əgər Putin özünün ilkin tələblərindən, yəni işğal altında olan ərazilərin Rusiya ərazisi olaraq tanınması şərtindən imtina edəcəksə, bunun müqabilində Ukrayna da NATO üzvü olmamaqla bağlı öhdəlik götürə və müharibə təmas xətti əsas götürülərək dayandırıla bilər. Bu, ərazilərin Rusiyanın işğalı altında qalsa belə heç kim tərəfindən Rusiya ərazisi olaraq tanınmaması demək olacaq və münaqişənin başa çatması yox, dondurulması anlamına gələcək. İndiki şərtlər daxilində bu vəziyyət Ukraynaya bu və ya digər şəkildə sərf edə bilər. Amma yox Rusiya işğal altında saxladığı ərazilərin beynəlxaq birlik tərəfindən Rusiya ərazisi olaraq tanınmasında israr edəcəksə o zaman hər hansı razılaşma da olmayacaq və müharibə davam edəcək.

Yusif Bağırzadə, politoloq
Xəbəri paylaş