
"Bir müddət əvvəl baş nazir Nikol Paşinyanla erməni Apostol kilsəsi arasında baş qaldıran amansız qarşıdurma son günlər demək olar, tamamilə gündəmdən çıxıb. Erməni mətbuatının yazdığına görə, kilsəyə savaş açan Nikol Paşinyan bundan sonra nə edəcəyini bilmir. Hakimiyyətdəki mənbələr müxalif “Hraparak” nəşrinə bildiriblər ki, Paşinyan kilsəyə qarşı düşmən mövqeyindən geri çəkilməyib, sadəcə olaraq bəzi suallara cavab tapa bilmir və bundan sonra nə edəcəyini müəyyənləşdirməyib".
Newscenter.az xəbər verir ki, bunları politoloq Zeynal Əmrəliyev Ermənistan daxilində baş verən prosesləri şərh edərkən səsləndirib. O deyib ki, bundan əvvəl Paşinyan Eçmiədzindəki meydanda böyük aksiya keçirəcəyini və hərəkata şəxsən rəhbərlik edəcəyini vəd etmişdi:
"Onun bu planı iyulun 27-də Vardavar bayramı günü həyata keçirməli idi. Lakin bu baş vermədi. Qəzet yazır ki, daha sonra Vaşinqton görüşlərilə bağlı hərəkətlənmə başladı və Paşinyanın başı bu məsələyə qarışdı. Bu baxımdan hələlik kilsəyə ayıracaq vaxt yoxdur. Əslində Paşinyan - kilsə mübarizəsində Azərbaycan və Türkiyə amili sadəcə kilsənin bəhanəsidir. 2018 - ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra mövcud hökumətin köhnə qaydaları dəyişdirmək cəhdi kilsə tərəfindən xoş qarşılanmadı. Bu kilsənin erməni cəmiyyətindəki gücündən məhrum olması anlamına gəlirdi. Buna görə də kilsə Paşinyanın Qarabağ məsələsi ilə bağlı siyasətini tənqid edərək ona qarşı güc nümayişi həyata keçirirdi".
Politoloq deyib ki, hazırda Paşinyan üçün kilsə ilə mübarizə olduqca riskli addımdır:
"Rusiya ilə Ermənistanın münasibətlərində soyuqluq müşahidə edilir. Vaşinqton görüşündən sonra rəsmi Moskva Ermənistanı tənqid edən açıqlamalarla çıxış edir və təzyiq vasitəsi kimi Ermənistandakı Rusiya qoşunlarını göstərir. Buna görə də rəsmi İrəvan Moskvaya bağlı 5-ci kolonla maksimum qarşı-qarşıya gəlməməyə çalışır. Maraqlı olan odur ki, Paşinyanın Qərblə yaxınlaşdığı və Vaşinqtona getdiyi ərəfədə Qaragen də ABŞ-yə gedib. Görünür ki, kilsə rəhbəri hökumətə qarşı mübarizədə diasporun yardımına ümid bəsləyir. Həm Rusiyanın baş verəcək proseslərə müdaxiləsini minimuma endirmək, həm də diaspordan gələcək təzyiqi önləmək üçün hökumət Vardavar bayramında planlaşdırılan aksiyanı təxirə saldı. Nikol Paşinyanın yaxın zamanlarda kilsə üzərində yenidən və həlledici hücuma keçəcəyi şübhəsizdir. İstənilən halda, Ermənistanda yaxın gələcəkdə ya kilsənin hökuməti, yada hökumətin kilsənin yıxacağı gözləniləndir".
Anar Əliyev