
"Hazırda beynəlxalq münasibətlər sistemində mürəkkəb proseslər baş verir. Dünyada davam edən münaqişələrin həlli yönündə müəyyən təşəbbüslər olsa da, əksər hallarda bu təşəbbüslər nəticə vermir. Lakin Azərbaycan bu baxımdan fərqli nümunə ortaya qoyur".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə əslində böyük tarix yazıb:
"Çünki postsovet məkanında və ətraf regionlardakı münaqişələrin həllində məhz Azərbaycan nəticəyə nail olub. Prezident İlham Əliyevin liderliyi ilə dövlətimiz öz gücünə Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Amma postsovet ölkələrində, elə də Yaxın Şərqdə münaqişələr hələ də davam edir. Beynəlxalq birliyin sülh təşəbbüsləri isə nəticə vermir".
Millət vəkilinin sözlərinə görə, hazırda Rusiya - Ukrayna müharibəsinin dayandırılması üçün aktiv diplomatik addımlar atılır. İndiyədək Avropa ölkələri münaqişənin həllində nəticə əldə edə bilmir:
"Donald Tramp yenidən ABŞ prezidenti seçildikdən sonra isə bu münaqişəni həll etməyə çalışır. Bugünlərdə Trampın Rusiya prezidenti Vladimir Putinlə, Ukrayna prezidenti Volodimir Zelenski və bir sıra Avropa ölkələrinin liderləri ilə görüşləri bunun göstəricisidir. Burada diqqət çəkən məqamlardan biri Trampın Avropa liderləri ilə görüşündə prosesi diqtə etməsidir. Çünki Avropa liderlərinin münaqişəyə yanaşmaları sülhə nail olmağa imkan verməyib. Ona görə də, Trampın onları tənqid etməsi tamamilə düzgündür. Digər tərəfdən, bu amil Avropada siyasi çöküşün, lider böhranının göstəricisidir".
Samir Vəliyev qeyd edib ki, bütün bunların fonunda Vaşinqtonun Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsi üçün göstərdiyi səylər təqdirəlayiqdir:
"Ağ Üvdə Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı liderimiz və xalqımız haqqında xoş sözləri xüsusi vurğulanmalıdır. Bu, Azərbaycan Prezidentinin beynəlxalq miqyasda yüksək nüfuzunun və liderlik keyfiyyətinin yüksək ifadəsidir. Hesab edirəm ki, liderlik baxımından Prezidentimiz Avropa ölkələrinin rəhbərləri üçün nümunədir. Onlar bizim prezidentimizdən çox şey öyrənməlidirlər".
Süleyman