
Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampa Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə hazır olduğunu bildirib. Bu barədə “Agence France-Presse” məlumat yayıb. Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, Putin və Tramp danışıqlarda iştirak edən “Ukrayna və Rusiya tərəflərinin nümayəndələrinin səviyyəsinin yüksəldilməsi imkanlarını” müzakirə ediblər. ABŞ Prezidenti də öz növbəsində Ukrayna və Rusiya liderləri arasında görüşə hazırlıq barədə məlumat verib.
Newscenter.az xəbər verir ki, bunları deyən politoloq Zeynal Əmrəliyevin sözlərinə görə, Putinin Zelinski ilə görüşmək istəməsi olduqca müsbət siqnaldır və münaqişənin bitməsi ilə bağlı ümidləri artır:
"Lakin görüşün baş tutması üçün olduqca siyasi və diplomatik zəmin tələb edilir. Rusiya üçün görüşü uzatmaq bir neçə məqamdan önəmlidir. Moskvanın əsas niyyəti təcriddən çıxmaq və Qərbin ağır sanksiyalarını aradan qaldırmaqdır. Çünki bu sanksiyalar və təcridolunma siyasəti Rusiyanı olduqda çətin vəziyyətə salır. Digər önəmli bir məqam isə Qərbin Ukraynaya dəstəyini zəiflədib cəbhədə strateji üstünlüyü tamamilə ələ keçirməkdir. İndiyə kimi baş verənlər də onu göstərir ki, cəbhədə vəziyyət xeyrinə dəyişdikcə Rusiyanın tələbləri daha da sərtləşir. Buna görə də Moskva bu üsullarla vaxt qazanmaq istəyir. Başqa bir önəmli məsələ isə Putinin bu istəyini Tramp vasitəsi ilə çatdırmasıdır. Bu, Kremlin ABŞ-ın vasitəçi roluna razılıq verməklə, dialoqun daha çox nəzarətli və balanslı getməsini istədiyini göstərir".
Politoloq deyib ki, baş tutacaq görüşə ümidlər böyük olsa da Ukrayna və Rusiya arasında ziddiyyətlər sadəcə iki liderin razılaşması ilə həll olunacaq qədər sadə deyil:
"Ərazi bütövlüyü, təhlükəsizlik zəmanətləri və müharibə cinayətləri kimi fundamental məsələlər ortadadır. Ancaq tərəflər görüşə real güzəştləri nəzərdə tutaraq getsələr əsir mübadiləsi, mülki əhalinin təhlükəsizliyi, taxıl sazişi kimi müəyyən razılaşmaların əldə edilməsi də mümkündür. Həmçinin ABŞ təzyiqi ilə sülhün ilkin mexanizmi barədə də razılığa gəlmək olar. Buna baxmayaraq, razılaşmaların Rusiyanın cəbhə bölgəsində üstünlük çərçivəsində əldə edilməsi çox da inandırıcı deyil. Qərb real sülh üçün ya Ukraynanı müəyyən ərazilərdən imtinaya məcbur etməlidir, yada Rusiyanı çəkindirmək üçün Kiyevə silah dəstəyini gücləndirməlidir. Əks halda görüş sadəcə Rusiyanın təcriddən çıxarılması və tərəflərin bir - birini ittiham edərək cəbhədə vəziyyəti daha da gərginləşməsinə səbəb olacaq".
Anar Əliyev