
Çin hökuməti nadir torpaq metalları üzərində nəzarəti gücləndirmək məqsədi daşıyan müvəqqəti reqlament qəbul edib.
Newscenter.az xəbər verir ki, bu barədə Sinxua Xəbər Agentliyi məlumat yayıb.
Yeni reqlamentə əsasən, dövlət hər il nadir torpaq elementlərinin çıxarılması və emalı üçün kvota təyin edəcək. Milli inkişaf prioritetləri, ehtiyatların həcmi və növü, ekoloji və bazar tələbatı, sənayenin perspektivləri kimi amillər nəzərə alınmaqla müəyyən norma müəssisələr arasında bölüşdürüləcəkdir.
Şirkətlər qanunlara və inzibati qaydalara ciddi riayət etməklə bu əsasda fəaliyyət göstərməlidirlər. Nadir torpaq maddələrinin istehsalçıları istehsal etdikləri məhsulların xüsusiyyətlərini qeyd etməli və müvafiq məlumatları dövlət nəzarəti sisteminə daxil etməlidirlər.
Yerli hakimiyyət orqanlarına mövcud qanunvericilik çərçivəsində müəssisələrə nəzarəti və yoxlamanı gücləndirmək, habelə pozuntuların qarşısını almaq tövsiyə olunur.
Bu sənəd Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən İnkişaf və İslahatlar üzrə Dövlət Komissiyası və Təbii Sərvətlər Nazirliyi ilə birgə hazırlanıb.
Nadir torpaq metallarının siyahısına yüksək texnologiyalı məhsulların istehsalında geniş istifadə olunan 17 müxtəlif element daxildir.
Anar Əliyev