Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qanun, ədalət və əxlaq bir-birini tamamlamalıdır

Qanun, ədalət və əxlaq bir-birini tamamlamalıdır


Bu gün bəzi vəzifə sahiblərinin xəstəliklərə düçar olmasının başlıca səbəbi onların səhv və rəzil həyat tərzidir. Hamıya aid etmək olmaz, amma çoxu bu acı həqiqətdən qaça bilmir. Əgər vəzifəsini qanunla, vicdanla, dürüst şəkildə icra etsələr, özlərini biznesmen kimi aparmasalar, nə bu qədər gərginlik olar, nə də bu qədər xəstəlik. Amma işin içində qanunsuzluq, rüşvət, intriqa, başqasının haqqını tapdalamaq olanda, həmin insanlar öz əməllərinin içində boğulur.
Əslində vəzifə — “vəz ifa” deməkdir. Yəni, sənə tapşırılan işi şərəflə ifa etməlisən. Dövlət də, insanlar da bunu istəyir. Amma bu gün bir çox vəzifə sahibi vəzifəni ifa etmir, onu şəxsi maraqlarına xidmət etdirir. Haqsızlıq edir, böhtan atır, əməkdaşlarını əzir, haqqı yeyir. Belələrinin içində isə bir qorxu, bir nigarançılıq daim yaşayır. Çünki yaxşı bilirlər ki, etdikləri qanunsuz işlər, yığdıqları haram sərvət, aldadıqları insanlar onların vicdanını yeyir. Kənardan baxanda parıltılı görünürlər, amma kreslodan enən kimi çökürlər. Dünən özünü “adam” sanan, bu gün heç kəsin gözündə bir dəyəri qalmır.
Tamaha gəlincə, “tam ah” – yəni axırı “ah”dır. Sənin beş evin var, altıncı evi nəyə gərək?! Başqasının on evi var deyə, sən də toplamalısan?! Dünya malında gözün doymursa, bilin ki, yığdıqların bir gün özünə zəhər olacaq. Axırda ya məzlum insanların ahı, ya da Allahın qəzəbi üzərinə gələcək. Çünki heç bir vicdansız öz-özünə etiraf etməsə də, yaxşı bilir ki, başqasının boğazından, süfrəsindən, ailəsindən oğurladığı hər quruşun hesabını Allah qarşısında verəcək.
Unutmayın: Allahın ən ağır cəzalandırdığı günahlardan biri kiminsə haqqını yeməkdir. Nahaq işin axırı insult, infarkt, şəkər və dərmansız xəstəliklərdir. Çünki haramla dolanmaq nə qəlbə rahatlıq gətirir, nə də bədənə sağlamlıq.
Qanun, ədalət və əxlaq bir-birini tamamlamalıdır. Bu üçlüyü həyatından çıxaran vəzifə sahibi nə qədər kresloya yapışsa da, nə qədər pulla özünü “dahi” göstərsə də, sonunda rəzil və miskin bir halda çökəcək. Çünki vəzifə müvəqqətidir, amma vicdan əbədidir.

Əli İbrahimov, hüquqşünas
Xəbəri paylaş