
"Bacarıqsız, savadsız, ləyaqətsiz və təkəbbürlü insanların rəhbər vəzifələrə gətirilməsi, həm də onların insanlar arasında nifaq salmaq bacarığı iş mühitini zəhərləyir. Belə yerdə sağlam münasibət, dürüstlük və əməkdaşlıq yox, qərəz, paxıllıq və qisasçılıq hakim olur".
Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, qərəzli konflikt yaratmaq mənfur insanların həyat tərzidir:
"Onlar harada olsalar, müxtəlif konfliktlərin səbəbkarı olarlar. Böyük Hüseyn Cavidin dediyi kimi, bu qəbildən olan şəxslər elə “İblis”in təcəssümüdürlər. Belə mühitdə savadlı, əqidəli və bacarıqlı insanlar dayana bilmir, çəkilib gedirlər. Nəticədə isə fitnəkar, riyakarlıqla dolu bir komanda formalaşır. Ən təhlükəlisi isə odur ki, həmin mühitə düşən təcrübəsiz kadr da ora uyğunlaşdırılır. Onun baxışı, idarəetmə üslubu, hətta düşüncəsi də həmin naqislərin “məktəbindən” keçir. Zamanla o da “təcrübəli” görkəmində fitnəkar ağsaqqallara çevrilir və əxlaqa zidd, təhrif olunmuş tövsiyələr yayır".
Əli İbrahimov qeyd edib ki, naqis düşüncəli insanların çoxaldığı mühitdə isə sağlam əqidə ayaq altında qalır:
"Belə komanda heç vaxt xalqın, dövlətin və cəmiyyətin xeyrinə ola bilməz. Əksinə, o, yalnız fitnə, intriqa və mənəvi aşınma qaynağıdır. Sağlam mühit ancaq ədalətli, savadlı və dürüst insanların gücləndiyi zaman formalaşacaq".
Süleyman












































