
Tarixi paytaxtımız olan Gəncə şəhərinin ev sahibliyi etdiyi III MDB Oyunlarının başlanması münasibəti ilə idmançılarımızı, azərkeşləri və bütün gəncəliləri təbrik edirik. Bu cür nüfuzlu beynəlxalq idman tədbirinin Gəncədə və digər şəhərlərimizdə keçirilməsi ölkəmizin idman həyatı üçün mühüm hadisədir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edirdi. Onlar açılış proqramını 44 günlük Vətən müharibəsi zamanı təcavüzkar Ermənistan tərəfindən Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla birlikdə izlədilər.
Açılış mərasimi və yarışlar həqiqətən də çox yüksək səviyyədə təşkil olunub. Açılış proqramında ölkəmizin inkişafının əsas tarixi məqamlarının əhatə olunması, onların tamaşaçılara çox yüksək səviyyədə, rəngarəng və milli ruhda təqdim edilməsi möhtəşəm və təqdirəlayiq iş idi. Yeri gəlmişkən, III MDB Oyunlarının paytaxt Bakıdan kənarda keçirilməsi təşəbbüsü də məhz Prezident İlham Əliyevdən gəlib. Cənab Prezidentin göstərişi ilə son bir il ərzində 7 şəhərimiz III MDB Oyunlarını qəbul etməyə tam hazır vəziyyətə gətirildi. Yarışların bir məkanda deyil, 7 şəhərdə keçirilməsi həm vizual-estetik baxımdan, həm də idmançıların yüksək psixoloji ovqata köklənməsi üçün təşkilati aspektdən III MDB Oyunlarının əsas önəmli məqamlarından, özəlliklərindən birini təşkil edir.
23 idman növü üzrə 1600-dən çox idmançının ədalətli mübarizə aparıb, qalib adını qazanması üçün Gəncədə və digər şəhərlərimizdə hər cür şərait yaradılıb. İdman qurğuları müasirliyi, funksionallığı ilə beynəlxalq yarışlar üçün olduqca münasib və əlverişlidir. Yeni tikilən idman obyektləri bütün müasir tələblərə cavab verir. Bu baxımdan III MDB Oyunlarına ev sahibliyi edən Azərbaycanın yüksək təşkilatçılığı ölkəmizin beynəlxalq imicinə də mühüm töhfədir.
MDB Oyunlarının ölkəmizdə keçirilməsi digər ölkələrin idmançılarına, gənclərinə Azərbaycanın müasir inkişaf səviyyəsini göstərmək və eyni zamanda, onların milli mədəniyyətimizlə, mətbəximizlə, tariximiz və təbiətimizlə daha yaxından tanış olmaları baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu cür böyük idman yarışları ölkəmizin qlobal tanıtımı və təbliği üçün çox yaxşı imkanlar yaradır. İdman yarışları həm də xalq diplomatiyası vasitəsi kimi olduqca əhəmiyyətlidir. Bu yarışlar beynəlxalq əlaqələrin genişlənməsinə və xalqlar arasında həmrəyliyin güclənməsinə təkan verir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri