
Özbəkistanın Əndican vilayətində Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi çərçivəsində yeni logistika mərkəzinin tikintisi ilə bağlı danışıqlar aparılıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Əndican vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Danışıqlarda Çinin “China State Railway Group Co., Ltd” dövlət şirkətinin baş direktorunun müavini Vanq Lixinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Əndican dəmir yolu vağzalında qonaqlar təntənəli şəkildə qarşılandı. Sonra logistika mərkəzinin layihəsi təqdim olunub və mərkəz üçün ayrılmış ərazidə görüləcək zəruri işlər müzakirə olunub.
Qonaqlar, həmçinin Zahiriddin Məhəmməd Babur adına mədəniyyət və istirahət parkına və Babur muzeyinə baş çəkib, burada rayonun tarixi-mədəni irsi ilə yaxından tanış olublar.
Bu yeni birgə layihələr regionlararası əlaqələrin möhkəmləndirilməsinə, Mərkəzi Asiya ölkələrinin nəqliyyat dəhlizlərinin şaxələndirilməsinə, beynəlxalq nəqliyyat və tranzit mərkəzi kimi regionun rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.
Qeyd edək ki, “China Railway Group Limited” Çinin ən böyük tikinti şirkətlərindən biridir. O, dəmir yollarının, metro xətlərinin, avtomobil yollarının, körpülərin, tunellərin, stansiyaların, hava limanlarının və digər obyektlərin layihələndirilməsi və tikintisi üzrə ixtisaslaşıb. Çin hökumətinin dəstəklədiyi “Bir kəmər, bir yol” və “Yeni İpək Yolu” beynəlxalq layihələrinin fəal iştirakçısıdır.
Mehman Mehdiyev












































