
"ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı siyasətində artıq İsrail hökumətinin yürütdüyü siyasətə qarşı dözümsüzlük atmosferi özünü göstərir. Tramp və Netanyahu Qəzza ilə bağlı 20 maddəli plan qəbul ediblər və bu plana İsrail hökuməti tərəfindən nə qədər riayət olunacağı sual altındadır".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. Onun sözlərinə görə, İsrail hökumətinin HƏMAS-a qarşı açdığı müharibə sübut etdi ki, İsrailin məqsədi tamamilə başqa məsələlər üzərində köklənib və HƏMAS, İsrail hökuməti üçün Qəzza zolağından fələstinliləri tamamilə çıxartmaqda bəhənə elementi olaraq istifadə edilir:
"Hadisələr onu göstərdi ki, HƏMAS-ın silahı buraxması və siyasi hakimiyyətdən getməsi İsrailin Yaxın Şərqdə yürütdüyü siyasətlə daban-dabana ziddiyyət təşkil edir və Netanyahunun Trampla görüşü zamanı, İsrailin baş nazirinin bu vacib amilin üzərində israrla durması, HƏMAS-ın bu şərtləri yaxın gələcəkdə qəbul etməyəcəyindən xəbər verir.
Çünki, Netanyahu bundan əmindir və bu səbəbdən Qəzza ilə bağlı Trampın səyləri heç bir halda effekt verə bilməyəcək, qənaətindəyəm. Amma, bu heç də İsrailin Qəzza ilə bağlı siyasətində dırnaq arası müvəffəqiyyətlərin davam edəcəyi anlamına gəlmir. Çünki, beynəlxalq hüquq normalarını ayaqlar altına alan İsrail hökumətinin yürütdüyü siyasətə artıq dünyanın ən güclü dövlətləri tərəfindən təsir elementləri yer almaqdadır və beynəlxalq aləmdə ciddi etirazlar var".
Ekspert deyib ki, İsrailin bütün məsələlərdə təcrid olunma prosesi hər gün genişlənməkdədir:
"Belə bir vəziyyətdə İsrailin bir nömrəli müttəfiqi ABS-ın da düşdüyü durum, Amerika adına layiq olmadığı üçün Vaşinqton mütləq şəkildə bu istiqamətdə ciddi addımlar atmağa məcburdur. Bu səbəbdən Trampın səyləri bu istiqamətdə davam edəcək və bu səylərin nə qədər işə yarayıb və yaramayacağı isə heç şübhəsiz ki, beynəlxalq təzyiqlərdən, xüsusilə də İsrailin daxildəki siyasi durumundan asılı ola bilər. Trampın, İsrailin Yaxın Şərq siyasəti ilə bağlı atdığı addımlara ciddi şəkildə nəzarət mexanizmi həyata keçirməsinin, həmçinin arxasında Ərəb Blokunun da ciddi narahatçılığını qeyd etmək lazımdır. Hesab edirəm ki, İsrail siyasətinə korreksiya verməsi lazımdır. Əks halda çətin günlərlə üzləşə bilər və gəlinmiş durum ziddiyyətlərlə doludur. Bundan sonra heç bir halda İsrail əvvəlki kimi hərəkət edə bilməyəcək, həddini asmağa imkan verilə bilməz. Bu səbəbdən Trampın səyləri nəticə əldə olunana kimi davam edəcək".
Anar Əliyev