
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev
ABŞ Prezidentinin Cənubi və Orta Asiya üzrə xüsusi nümayəndəsi Sergio Qor Özbəkistana səfər edib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, səfər çərçivəsində Amerika nümayəndə heyəti Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Görüş zamanı bu ilin 23 sentyabrında Nyu-Yorkda ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində Özbəkistan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Qeyd edilib ki, intensiv siyasi dialoq, müxtəlif səviyyələrdə mübadilələr və aktiv işgüzar əlaqələr qurulub. Ticarət həcmi artır və ABŞ Ticarət Palatasının nümayəndə heyətinin oktyabrın əvvəlində səfəri uğurlu olub.
Qəbul edilmiş "yol xəritəsi" əsasında sənaye, maliyyə, vacib minerallar, enerji, rəqəmsallaşdırma, kənd təsərrüfatı və digər prioritet istiqamətlərdə layihələrin təşviqinin aktuallığı vurğulanıb.
Tərəflər həmçinin təhlükəsizlik, terrorizm və ekstremizmlə mübarizə, qanunsuz miqrasiya sahələrində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Qlobal və regional əhəmiyyətli aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mehman Mehdiyev











































