
Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına ötən gün gerçəkləşən səfəri Böyük Qayıdışın növbəti mərhələsinin startıdır. Cənab Prezidentin özü də Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə "Bu gün Böyük Qayıdışın növbəti mərhələsidir" deyərək bu prosesin növbəti mərhələsinin başlanmasının anonsunu verdi. Yeri gəlmişkən, Böyük Qayıdışın ilk mərhələsi də vaxtilə məhz Ağalı kəndindən başlayıb. Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüş zamanı “Böyük Qayıdış” Proqramının başlanğıcının Zəngilan rayonunda qoyulduğunu xatırladan dövlətimizin başçısı qeyd etdi ki, birinci kənd - Ağalı kəndində artıq üç il yarımdır ki, insanlar yaşayır və orada çox gözəl şərait yaradılıb, gözəl də saxlanılır.
Ağalıdan başlayan Böyük Qayıdış dövlətimiz və keçmiş məcburi köçkünlərimiz üçün uğurlu prosesə çevrildi. Bu proses hazırda da uğurla davam edir. İşğaldan azad edilən ərazilərimizin bərpası və Böyük Qayıdış prosesi paralel şəkildə həyata keçirilir. Oktyabrın 28-də Cənab Prezidentin Cəbrayıl və Zəngilana səfəri işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işlərinin böyük sürətlə aparıldığını göstərdi. Tikinti-quruculuq işlərinin miqyası da olduqca genişdir. Bu saat bütün Qarabağ və Şərqi Zəngəzur nəhəng quruculuq meydanına çevrilib. Bu məqamı dövlətimizin başçısı da Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə xüsusilə vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, bu gün bütün Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasıdır və artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini keçmiş köçkünlərdir ki, onlar öz vətəninə, doğma torpağına qayıdıblar. Qalanları isə müxtəlif işlərdə işləyən vətəndaşlardır.
Dövlət başçısı regiona səfər əsnasında həm Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında, həm də Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak etdi, kənd sakinlərinə mənzillərin açarlarını təqdim etdi. Eyni zamanda, Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin, habelə yeni inşa ediləcək Cəbrayıl şəhər məscidinin, iki Günəş Elektrik Stansiyasının təməli qoyuldu. Hazırda Cəbrayılda qurulmuş "Araz Vadisi" sənaye zonası artıq fəaliyyətdədir. Orada üç müəssisə fəaliyyət göstərir. Eyni zamanda, rayonda yeni iş yerləri də yaradılır. Prezident İlham Əliyev Horovlu kəndində sakinlərlə görüş zamanı bildirdi ki, yaxın gələcəkdə Cəbrayıldakı müəssisələrin sayı təqribən 20-yə çatacaq və beləliklə, bu rayonda iş yerləri ilə bağlı heç bir problem olmayacaq.
Cənab Prezident birmənalı surətdə bəyan etdi ki, Qarabağda, Şərqi Zəngəzurda qətiyyən işsizlik olmamalıdır və bütün bu şəhər və kəndlər tikiləndə bunu biz əsas vəzifə kimi qarşıya qoyuruq ki, burada yaşayan insanlar işlə təmin olunsunlar. Dövlət başçısının bu açıqlaması bir daha onu göstərir ki, "Böyük Qayıdışa Dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilən işlərin əsas prioritet istiqamətlərindən biri də məhz iş yerlərinin yaradılması, əmək məşğulluğun təmin edilməsidir. Zəngəzur dəhlizi və Araz dəhlizinin bu bölgədən keçməsi isə Zəngilan və Cəbrayılın gələcək inkişafına əlavə stimul verəcək. Prezident İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə bu məqama toxunaraq bildirdi: "Bu bölgə çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək. Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq - qurduğumuz şəhərlər və kəndlər bunu göstərir”.
Beləliklə, azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işləri "Böyük Qayıdışa Dair I Dövlət Proqramı"nın icrası istiqamətində real nəticələrin əldə edilməsinə etibarlı zəmin yaradır. Bu gün "Böyük Qayıdış" Proqramının birinci mərhələsinin nəticələri qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirildiyini göstərir. Prezident İlham Əliyevin daimi diqqəti və nəzarəti nəticəsində Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir. İşğaldan azad edilmiş torpaqlara həyat qayıdır. Azad torpaqlarda yeni həyatın nəfəsi açıq hiss olunur. Qalib Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda yeni həyat qurur. Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə haqlı olaraq qeyd etdi ki, bugünkü reallıq ədalətin təntənəsidir. Ədalətə inanmaq və onu təmin etmək lazım olduğunu söyləyən dövlət başçısı vurğulayıb: "Bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib. Bu torpaqların sahibləri bizik. Düşməni öz torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat qururuq".
Bir sözlə, bu gün Qarabağ və Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlərin təhlükəsiz və rahat yaşayışının təmin edilməsi üçün hər cür şərait yaradılır. Azad olunmuş ərazilər bundan sonra daha çox inkişaf edəcək və “Böyük Qayıdış" Proqramının birinci mərhələsinin yekununda – 2026-cı ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Dövlətimizin başçısının vurğuladığı kimi bundan sonra heç kim bizə qarşı baş qaldıra bilməyəcək və torpaqlarımızda abadlıq, quruculuq işləri davam edəcək, xoşbəxt həyat və sülh hökm sürəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri











































