Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin uğurla sülh müqaviləsinə çevriləcəyi ehtimalı böyükdür

Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin uğurla sülh müqaviləsinə çevriləcəyi ehtimalı böyükdür


ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov ABŞ-İran, Rusiya-Ukrayna danışıqları, eləcə də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində davam edən proseslərlə bağlı Newscenter.az-a müsahibə verib.

-Azər bəy, bir tərəfdən Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, digər tərəfdən ABŞ-İran gərginliyinin mövcud olduğu, eyni zamanda ayrı-ayrı regionlara ABŞ-ın iddiasının baş qaldırdığı bir atmosferdə dünyanı nə gözləyir?

-Dünyanın yeni düzənə keçməsinin aydın təzahürü kimi dəyərləndirilən "Tramp mərhələsi", əslində bu düzənin necə olacağını bizlərə göstərir. Dünya zatən güc üzərində bərqərar olsa da, bu, arxa planda idi.

Yeni dünya düzəninin formalaşması anlayışının dövlətlərin yarımçıq qalmış ambisiyalarını yenidən həyata keçirmək istəyindən başqa bir şey olmadığı görünür. Bu düzən dünyada yeni siyasi konfiqurasiya və ya iqtisadi model olacağı anlamınamı gəlir, yoxsa mövcud sistemin əl dəyişdirəcəyimi anlamına, bunu baxmalıyıq.

Dünya yeni düzənə daxil olub. Öncəki düzən yıxılıb. Bu düzənlərin mahiyyətinin başa düşülməsi maraq doğurur. Yeni dünya düzəninə kimi yaşadığımız dövr barədə aşağı-yuxarı hər kəsdə ümumi məlumat var. Bu dövr nəzəri olaraq beynəlxalq hüququn, insan haqlarının, dövlətlərin ərazi bütövlüyünün, bütün dünya dövlətlərinin bir təşkilat-BMT adı altında cəm olduğu və buna uyğun beynəlxalq təşkilatların vasitəsi ilə dünyanın idarə olunması idi. Amma imperialist maraqların həmişə mövcud olduğu bir dövr idi. İndiki dövrün isə bu imperialist maraqların açıq şəkildə özünü biruzə verdiyi dövr olacağı görünür.

Trampın dünyaya sülh gətirmək planları ABŞ-ın imperialist maraqları ilə necə uyğunlaşacağı isə yeni dünya düzəninin mahiyyətini təşkil edəcək. Trampla dünya güc və iqtisadi təzyiq yolu ilə sülhə qovuşacaqsa, bura Rusiya-Ukrayna və İran məsələsinin həlli də daxil, bu, çoxqütblü dünyanın yaranacağı anlamına yox, təkqütblü-ABŞ hegemonluğunda bir dünya olacağı anlamına gələcək. Hesab edirəm ki, bəlkə də bu, daha yaxşı bir dünya modeli olacaq. Təbii ki, digər güc hesab edilən aktorlar, Türkiyə də daxil bu dünya modelində regional həlledici gücə çevriləcəklər. Amma ən başda ABŞ dayanacaq.

-Qeyd etdiyimiz hər iki məsələ, həm Rusiya-Ukrayna, həm də ABŞ-İran problemi istiqamətində danışıqlar keçirilir. Artıq müəyyən mərhələdən keçilib. Sizcə hər iki problem danışıqlar yolu ilə həllini tapacaqmı?

-Müharibə və gərginliklərin gec-tez hər hansı yollarla həll edildiyini nəzərə alsaq, demək olar ki, bu məsələlər də bu və ya digər formada öz həllini tapacaq. Rusiya-Ukrayna məsələsində müəyyən mənada həll yollarının konturları formalaşıb. Ukrayna gələcək üçün təhlükəsizlik qarantiyası istəyir, Rusiyanın da ala biləcəyi, daha doğrusu gücünün çatıb ala biləcəyi Ukrayna əraziləri bilinir. Bundan artığına Rusiyanın gücü çatmadı. Ukrayna da itirdiyi ərazilərlə demək olar ki, barışıb. Qalıb yekun razılaşma. Hesab edirəm ki, bu il Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün şərait yetişir və məsələ həll oluna bilər.

ABŞ-İran məsələsi isə başlamamışdan bitməyə məhkumdur. Bu, onlar arasında müharibə olmayacağı anlamına gəlmir. Məsələ ondadır ki, Tramp İranı sanksiyalardan qurtarmaq üçün onu vurmalıdır. Rejim müəyyən qədər dəyişməli və Trampa da sanksiyarı götürmək üçün fürsət yaranmalıdır. Bu, Trampa İran neftinə nəzarət üçün lazımdır. Çinlə danışıqlar masasına əli güclənmiş oturmaq üçün. İran və ABŞ həmişə bir medalın iki üzü olublar. Danışıqlı döyüşdən sonra İranın rejim dəyişikliyi də böyük ehtimaldır. Amma mahiyyət arxa planda saxlanılmaq şərtilə.

-Bu arada Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində gözləntiləriniz nədir? Bu il sülh imzalana bilərmi?

-Azərbaycan və Ermənistan sülh istədiklərini artıq öz imzaları ilə Trampın da iştirakı ilə bəyan ediblər. Bu, böyük məsuliyyətdir. Bundan geri durmaq hər iki ölkə üçün də imic və iqtisadi itki olar, xüsusən də, Azərbaycan üçün. Azərbaycanın bu sülh təşəbbüsünün ilk olaraq iddiaçısı və təbliğatçısı olduğunu qeyd etsək, demək olar ki, Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin uğurla sülh müqaviləsinə çevriləcəyi ehtimalı böyükdür.

Süleyman
Xəbəri paylaş