
"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində proses davam edir və hər iki tərəf 2026-cı ili kritik il olaraq hesab edirlər. Bu ili Azərbaycan və Ermənistan arasında sülh ili olaraq görmək mümkündür".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, hər iki tərəf danışıqlar prosesinin davam etdirməsinə sadiqdir və bu istiqamətdə beynəlxalq dəstək də mövcuddur:
"Lakin bütün bunlara rəğmən yenə də Ermənistan tərəfindən daxili siyasi addımlardan dolayı, rəsmi imza vaxtının dəqiq tarixini müəyyən etmək çətindir. 2026-cı il sülh sazişinin imzalanması üçün həlledici il hesab olunsa da, bu istiqamətdə ratifikasiya olunmuş vaxt təyin etmək hələ ki, mümkün olmayıb. Tərəflər arasında sülh müqaviləsinin layihəsi hazırlanıb, paraflandığı bildirilir və əsas mətn də razılaşdırılıb. Lakin bununla belə bəzi detallar hələ də öz əksini tapmayıb".
Ekspert deyib ki, Ermənistan Konstitusiyasında qonşu ölkələrin ərazilərinə qarşı iddialarla bağlı maddələrin çıxarılması prosesi həyata keçirilməyib:
"Azərbaycan tərəfi bu sazişin imzalanması üçün Ermənistan konstitutsiyasında ərazi iddiaları ilə bağlı maddələrin çıxarılmasını şərt və tələb olaraq göstərib. Ermənistan tərəfi isə öz növbəsində bu maddənin ərazi iddiası yaranmadığını bildirir və məsələ açıq olaraq qalmaqdadır. Ermənistan tərəfi bunu qəbul etsə belə daxili siyasi proseslər hazırkı mərhələdə buna imkan vermir və ölkədə keçiriləcək parlament seçkilərindən sonra bu istiqamətdə mövcud hakimiyyətin qələbəsi nəticəsində məsələ öz həllini tapa bilər".
Çingiz Şahbazi qeyd edib ki, ABŞ və digər tərəfdaşlar prosesləri dəstəkləyir:
"Lakin müəyyən geopolitik aspektlər xaricində 2026-cı ildə sülh sazişinin imzalanması üçün böyük siyasi irəliləyiş özünü göstərir və hər iki ölkənin ekspert rəyləri bu istiqamətdə nikbinlik nümayiş etdirirlər. Bu baxımdan Ermənistan konstitutsiyasında dəyişikliklər tam həllini taparsa, sülh müqaviləsinin imzalanması bu ilin ikinci yarısında baş tuta bilər. Bu məqam sülh sazişi prosesində əsas həlledici rol oynayır".
Süleyman











































