
Bu gün cənab İlham Əliyevin növbəti dəfə Prezident seçildikdən sonra and içməsindən iki il ötür. Yola saldığımız son iki il dövlətçilik tariximizdə yeni bir səhifə açdı. Dövlət başçımızın ölkəmizə rəhbərlik etdiyi əvvəlki illər torpaqların işğaldan azad etmək, Qarabağda erməni separatçılığın kökünü kəsərək yeni reallıqların yaradılması üzərində qurulmuşdusa, son iki il yaradılmış bu reallıqların dünya tərəfindən qəbul edilməsi ilə yadda qaldı. Bu baxımdan 8 avqustda Vaşinqtonda imzalanmış sazişlər həmin reallıqların dünya tərəfindən təsdiqidir. Həm də Əbu-Dabidə Prezident İlham Əliyevə təqdim olunmuş “Zayed İnsan Qardaşlığı Mükafatı” regionda yaratdığımız sülhün və reallıqların bir daha dəyərləndirlməsi deməkdir. Vitse-prezident Vensin Azərbaycana gəlməsini və ABŞ-la Strateji Tərəfdaş olmağımızı isə ölkəmizin və regionumuzun gələcəyində yeni üfüqlərin açılması kimi xarakterizə edərdim. Dünyanın ən güclü aktoru ilə qurulan münasibətlərdən sadəcə Azərbaycan deyil, regionumuz yararlanacaq.
Süni intellektin inkişafı, data mərkəzlərinin yaradılması, yüksək texnologiyaların genişləndirilməsi və yeni rəqəmsal arxitekturanın formalaşdırılması ilə iqtisadiyyatımızın inkişaf etdirilməsini hədəfləməyimiz gələcək vizyonumuzun indidən düzgün müəyyənləşdirilməsidir. Dövlət başçımızın siyasəti zamanı qabaqlayır. Bu, zamanında özünü Cənub Qaz Dəhlizi, Baku-Tbilisi-Qars kimi layihələrlə göstərirdisə, indi də Zəngəzur dəhlizinin açılması və iqtisadiyyatın sürətlə rəqəmsallaşdırılması siyasəti ilə yeni bir mərhələnin başlandığını görürük. Bu mərhələdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yüksək rəqabətqabiliyyətli iqtisadiyyat qurmaqla vətəndaşlarımızın rifahı daha da yüksələcəkdir. Bir tərəfdən dünya nizamı yenidən formalaşdırılır, yeni mənbələr axtarışına çıxılırsa, digər tərəfdən texnoloji inkişaf gözləmək istəmir. Belə olan məqamda dövlətlərin qarşısında daha da çətin tapşırıqlar formalaşır.
Qürurverici məqamdır ki, Azərbaycan Prezidenti İlham Əliyev atdığı addımlarla mürəkkəb xarici siyasət kombinasiyalarından uğurla çıxmağı bacarır, Azərbaycanı uduşlu tərəf edir. Buna əlavə olunan digər bir məsələ odur ki, Azərbaycan atdığı addımlarla həm də regiona qarşı yönəldilən hədəf oxlarını geri çevirməyi bacarır.
Azər Badamov, Milli Məclisin deputatı












































