
Ağıl ən güclü və əsas qüvvədir. O, ideya qurur, strategiya formalaşdırır, problemləri həll edir və inkişafın istiqamətini müəyyənləşdirir. Pul isə bu gücün reallaşması üçün vasitədir.
Ağıl istiqamət verir, maddi resurs isə onu hərəkətə gətirir. Təkcə ağıl imkan olmadan məhdud qalır, ağıl olmadan pul isə səmərəsizdir, hətta fəlakət və təhlükə gətirir. Arximed vaxtilə demişdi: “Mənə dayaq nöqtəsi verin, dünyanı qaldırım.” Təbii ki, dünyanı dəyişən əsas güc ağıldır. Siyasətdə ağıl siyasi strategiya, dövlət idarəçiliyi, diplomatik və geosiyasi planlama, uzunmüddətli milli maraqların hesablanması, böhranlardan çıxış üçün düzgün qərarvermə və effektiv idarəetmə deməkdir.
Maddi resurs siyasətdə güclü iqtisadiyyat, ordu, təhlükəsizlik xərcləri, sosial sabitlik, rifah, infrastruktur və texnologiya, o cümlədən beynəlxalq təsir imkanları deməkdir. Biz bütün siyasət sahəsində ağıl və maddi resurs imkanlarımızdan istifadə edərək, sadaladığım bütün nəticələrə nail olduq. Milyarderlər ittifaqının maddi resursları olsa da, ciddi digər çatışmazlıqları səbəbindən milyonları batırdılar. Mən bunu mənəvi baxımdan deyirəm.
Hər bir Azərbaycanlı üçün Azərbaycanın çiçəklənməsi naminə nəhəng ağıl və maddi imkan strategiyasını həyata keçirən bir idarəetmə sisteminə xəyanətlə hücum etmək mənəvi və milli baxımdan doğru deyil. Əgər onların ağıl səviyyəsi lazım olan həddə olsaydı, bu milyonlar itirilməzdi. Bu prosesin necə başladığını, daxildə milli səviyyədə anti-milli satqınların prosesə cəlb olunmasını siyasətdə olanlar bilirlər.Bu bir faktdır ki, bu söhbətlər çox yerdə, çox insanla aparılmışdır, dəvətlərdə təkidlə “qoşulun, biz qalib gələcəyik, kənarda qalarsız” kimi sözlər deyilmişdir. Həmin söhbətləri aparan adamlardan bir neçəsi artıq dünyasını dəyişib, bir neçəsi hələ həyatda fəaliyyət göstərir, bəziləri isə prosesi tam uzaqlaşaraq tərk edib. Onlardan biri çoxdan həbs olunub. Son olaraq, hərəkətverici qüvvələr ölkə daxilində son həbslərlə istintaqa cəlb olunub və qəti həbs imkan tədbirinə məruz qalıblar.
Hakimiyyət dəyişikliyi 2003-cü ildə də bəzi daxili və xarici qüvvələrin marağında idi və müəyyən planlar qurulmuşdu. Lakin prosesin arxasında kifayət qədər ağıl və milyonlar olmadığı üçün asanlıqla fiaskoya uğradılar. Onun detallarını sadalamaq artıq çətin deyil. Birləşib mübarizə aparmaq istəyənlər hakimiyyətə yox, bir-birlərinə qarşı bünövrədən xəyanət etmişdilər.
Amma bu dəfə daha geniş miqyaslı, uzun perspektivə hesablanan, açıq şəkildə siyasi adamları prosesə qoşulmaq üçün böyük bir xəyanət ideologiyası hazırlayan və müəyyən mənada “sözü keçən” insanlar ortalığa çıxmışdı. Qisasçılar komandası, mahiyyəti xəyanət olan xarici diqtələrlə var gücləri ilə çalışırdılar. Lakin böyük ağıla malik və ölkə üçün ciddi maliyyə resursları yaradan idarəetmə sistemi, bu xəyalı quranlar və xəyalla yaşayan şəxslərin siyasi istəklərini istəksizlik məzarına gömdü.
Hazırda görünən odur ki, ortada ciddi faktlar və ciddi maddi sübutlar mövcuddur, və bunların bir hissəsi artıq ictimai diqqətə çatdırılıb. İctimai müzakirələr aparılır və müxtəlif mövqelər ortaya qoyulur. İndiyədək hansı siyasi tərbiyədə formalaşıblarsa, özlərini ona uyğun aparırlar. Yəqin ki, siz kimlərin çıxışlarından və münasibətlərindən söhbət getdiyini bilirsiniz. Onlar yenə ağılsızcasına, guya müdafiə etmə taktikasına keçiblər. Əgər həqiqətən o siyasi tərbiyədən keçməsəydilər və əslində ağılları lazım olan səviyyədə olsaydı, bu gün keçmişdəki etirafları o cür təhqir etməzdilər. Etirafları təhqir etdikcə, özünüzü təhqir edir, özünüzü hörmətdən salırsınız. Əvvəlki cümlələrinizi inkar edən açıqlama, özünə qarşı yönəlmiş hörmətsizlik gülləsidir.
Amma siz həmişə belə olmusunuz. Bu, sizə siyasi tərbiyə verən müəlliminizin bəxş etdiyi mənfi xüsusiyyətlərdir. Amma bilin ki, artıq hamı, hətta siyasətdə olmayanlar da, iç üzünüzü bilir maskanız artıq deşik-deşikdir. Bu gün dövləti təmsil edən, siyasi qərar verənlər başda olmaqla, hüquq-mühafizə orqanları da ölkəmizin milli maraqları və xalqımızın rifahı üçün zamanında lazımı addımları atırlar və bundan sonra da belə olacaq. Çünki xalqın etimadı, dəstəyi və müdrikliyi buna zəmin yaradır və bu beləcə davam edəcək.
Nəzərinizə çatdırım ki, haqsız müdafiə taktikasına əl atanlar, aşkar səhvləri qəbul etməyənlər, denial, rasionalizasiya və proyeksiya metodlarından əl çəkməlidirlər. Ağıl dünyanı idarə edir, siz isə o keyfiyyətə malik ola bilmədiniz, milyonları xərclədiniz. Milyarderlərdən…
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri












































