Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xidmət oyun meydanı və yaxud Dram Teatrın səhnəsi deyil

Xidmət oyun meydanı və yaxud Dram Teatrın səhnəsi deyil


Bu xidmət oyun meydanı və yaxud Dram Teatrın səhnəsi deyil ki, hər maska taxan, hər sifət dəyişən, hər küləyə görə istiqamətini dəyişən adam orada yer tutsun! Bu müqəddəs və məsuliyyətli sahəyə çoxüzlü, simasız, əqidəsiz, pula görə vicdanını satan, kreslo eşqi ilə yaşayan, vəzifə qarşısında əyilib şəxsiyyətini itirən, yaltaqlığı bacarıq sayan kölə xislətli məxluqlar yox, müstəqil düşüncəli, əqidəli, dürüst, halal, qanunpərəst və təmənnasız insanlar irəli çəkilməlidir!

Unudulmamalıdır ki, müstəqil əqidə dikbaşlıq deyil! Şəxsiyyətli olmaq itaətsizlik deyil! Qürurlu olmaq intizamsızlıq deyil! Əksinə əqidəli əməkdaş o insandır ki, qanunu rəhbər tutur, haqqın yanında dayanır, tapşırığın qanuni olub-olmadığını anlayacaq savada malikdir və qanuni göstərişi tərəddüdsüz, ləyaqətlə icra edir. O, yaltaqlıqla yox, biliyi ilə, qorxu ilə yox, prinsipiallığı ilə, intriqa ilə yox, peşəkarlığı ilə seçilir.

Xidmət o zaman güclü olar ki, orada kresloya görə susanlar yox, dövlətə görə danışanlar olsun! Orada şəxsi maraq yox, qanunun aliliyi üstün tutulsun! Orada rəhbərə sədaqət yaltaqlıqla deyil, qanuni tapşırıqların vicdanla icrası ilə ölçülsün! Əks halda, simasızların çoxaldığı yerdə sistem çürüyər, ədalət zəifləyər, inam sarsılar. Və ən təhlükəlisi budur ki, qorxaq və yaltaq mühit sağlam düşüncəni sıradan çıxarar.

Bu xidmətə şəxsiyyəti olanlar lazımdır. Sözü ilə əməli bir olanlar lazımdır. Qanunu əzbər yox, vicdanla anlayanlar lazımdır.

Əli İbrahimov, hüquqşünas
Xəbəri paylaş