
“Azərbaycanın Avropada ən yaxın dostu və müttəfiqi olan Serbiya ilə münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə qədəm qoyur. İki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanan sənədlər bu tərəfdaşlığa öz töhfəsini verir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Serbiyaya baş tutan rəsmi səfəri də heç şübhəsiz ki, Bakı ilə Belqrad arasında münasibətlərə yeni rəng qatacaq, ikitərəfli əlaqələrin daha da inkişaf etməsinə imkan yaradacaq”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Prezident İlham Əliyevin Serbiyaya səfərini şərh edərkən səsləndirib. Millət vəkili qeyd edib ki, Bakı ilə Belqrad arasında mövcud olan qarşılıqlı siyasi etimad, beynəlxalq platformalarda hər iki ölkənin bir-birinə dəstək verməsi, eləcə də iqtisadi əməkdaşlığın genişlənməsi əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. İlham Məmmədov deyib ki, Serbiya ilə əlaqələrdə enerji, nəqliyyat, sənaye və investisiya sahələri xüsusi diqqət çəkir:
“Prezident İlham Əliyevin serbiyalı həmkarı ilə görüşdə dediyi kimi bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq. Dövlət başçısı bu ölkəyə ixracın həcminin artırılması barədə razılıq əldə olunduğunu bildirdi. Bununla da Prezident İlham Əliyevin təbirincə desək, Serbiya ixrac ediləcək qazı elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq: “Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq”. Görüş zamanı diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın Serbiyaya investisiya yatırması ilə bağlı dövlət başçısının fikirləri oldu. Azərbaycanda olduğu kimi, Serbiyada da əlverişli investisiya mühiti yaradıldığından Bakı Belqrada investisiya yatırmağa hazırdır. Bunu Prezident İlham Əliyev açıq şəkildə ifadə etdi: “Əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlbedici olmazdı. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır”. Göründüyü kimi, ölkələr arasında yeni-yeni əməkdaşlıq imkanlarının müəyyən edilməsi, həmin sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün kifayət qədər potensial və imkanlar var. Həmin imkanları reallığa çevirmək üçün də ortaya siyasi iradə mövcuddur. Hesab edirəm ki, Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclası, eləcə də səfər zamanı imzalanan sənədlər həmin imkanların tezliklə həyata keçirilməsi üçün əlverişli şərait formalaşdıracaq”.
İlham Məmmədovun sözlərinə görə, mövcud dinamika göstərir ki, Azərbaycan–Serbiya münasibətləri qarşıdakı illərdə daha da dərinləşəcək:
“Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu ölkəyə rəsmi səfəri Bakı-Belqrad əlaqələrinin inkişafında yeni bir mərhələnin əsasını qoyacaq”.
Süleyman












































