Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Serbiya ilə əlaqələrdə yeni perspektivlər

Serbiya ilə əlaqələrdə yeni perspektivlər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyaya fevralın 15-də etdiyi səfər, iki ölkə arasında strateji əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərdi. Prezidentin verdiyi açıqlamalar, həm Serbiya ilə ikitərəfli münasibətlərin dərinliyini, həm də regionda və qlobal səviyyədə qarşılıqlı etimadın artırılması istiqamətində Azərbaycanın aktiv diplomatik mövqeyini ortaya qoydu. Prezident mətbuata bəaynatında Serbiya xalqının dövlətçilik ənənələrinə və suverenliyin qorunmasına verdiyi əhəmiyyəti yüksək qiymətləndirərək Prezident Aleksandar Vuçiçin liderlik keyfiyyətlərini xüsusi qeyd etdi. Bu, şübhəsiz ki, yalnız rəmzi kompliment deyil, həm də Serbiyanın daxili inkişafına və beynəlxalq arenadakı nüfuzunun möhkəmlənməsinə diqqət çəkən strateji mesajdır.

Məlumdur ki, səfər çərçivəsində iki ölkə arasında Strateji Şuranın birinci iclası da keçirildi. Prezidentin vurğuladığı kimi, iki ölkə bundan sonra da siyasi, iqtisadi və energetika sahələrində əməkdaşlığı inkişaf etdirəcək, beynəlxalq platformalarda hər iki dövlət bir-birinin ərazi bütövlüyünü dəstəkləyəcək və birgə sərmayə layihələri həyata keçiriləcək. Xüsusilə enerji və nəqliyyat sahəsində sinerji yaratmaq, Azərbaycanın Balkan regionunda iqtisadi və geosiyasi rolunu artırmaq məqsədi ilə konkret addımların planlaşdırıldığını deyə bilərik.

Energetika sahəsi səfərin diqqət mərkəzində oldu. Azərbaycan artıq Serbiyaya təbii qaz ixracına başlayıb və artıq məlumdur ki, ixracın həcminin artırılması planlaşdırır. Prezidentin də qeyd etdiyi kimi ixrac olunan qazın elektrik enerjisinə çevrilməsi Serbiya üçün həm daxili tələbatın ödənilməsinə, həm də gələcəkdə ixrac potensialının genişlənməsinə şərait yaradacaq.

Prezidentin də qeyd etdiyi kimi Azərbaycanın ixrac gücü hazırda 2 giqavata bərabərdir və 2032-ci ilə qədər əlavə 8 giqavat güc əldə olunacaq. Bu isə Avropa məkanına enerji ixracını daha da genişləndirməyə imkan verəcək. Eyni zamanda, birgə elektrik stansiyalarının inşası və mövcud infrastrukturun yenidən qurulması, sərmayə imkanlarının düzgün idarə olunması Serbiya üçün daxili enerji müstəqilliyini təmin edən strateji layihə kimi qiymətləndirilir.
Səfərin nəticələri həm də qarşılıqlı etimadın artırılmasına yönəlib deyə bilərik. Prezidentin vurğuladığı kimi, Azərbaycan nümayəndə heyəti Serbiyada özünü evindəki kimi hiss edir və yaxın gələcəkdə qarşılıqlı səfərlər davam edəcək. Bu həm siyasi, həm də simvolik baxımdan əhəmiyyətlidir, çünki bu, regional dialoq və əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Ümumilikdə, Prezidentin Serbiyaya səfəri praktiki diplomatiyanın, enerji və iqtisadi əməkdaşlığın, eləcə də strateji tərəfdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirilə bilər. Bu səfər həm Azərbaycanın diplomatik fəaliyyətinin dinamikliyini göstərir, həm də Serbiya ilə hərtərəfli əlaqələrin yeni perspektivlərini açır. Bu baxımdan səfər həm regional stabillik, həm də Avropa məkanında strateji əməkdaşlıq baxımından əhəmiyyətli səfər kimi qiymətləndirilə bilər.

Yusif Bağırzadə, politoloq
Xəbəri paylaş