Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu xalq sizin xəyanətkar ideyanızın ömrünü qısa zamanda bitirəcək

Bu xalq sizin xəyanətkar ideyanızın ömrünü qısa zamanda bitirəcək



Dövlətin taleyini həll etmək, qorumaq və qüruruna xələl gətirməyin qarşısını almaq bir şərəf məsələsidir, çünki dövlətin şərəfi vətəndaşının, xalqının şərəfi sayılır. Bunun üçün dövləti yönləndirən, idarə edən liderin ilk öncə vətən sevgisi, sistemli yanaşma, prinsipiallıq, qətiyyət və cəsarət nümunələri olmalıdır. Cənab İlham Əliyev siyasi və hərbi strategiyamızı uzunmüddətli, mərhələli və fundamental yanaşma üzərində qurdu. Strategiyamız müdafiə mövqeyindən güc toplayaraq hücum üstünlüyünə keçid modeli kimi həyata keçirildi. İlk öncə ölkədə daxili siyasi sabitlik yaradıldı, iqtisadi gücümüzün artması təmin olundu, ordunun modernləşmə prosesi başladı. Diplomatik və qlobal siyasətdə balanslı yanaşma ilə beynəlxalq tarazlıq yaradıldı Bir çox hallarda bizi açıq qarşıdurmalara cəlb etmək istəsələr də, müdrik prezidentin siyasəti nəticəsində diplomatik müstəvidə mövqeyimiz qoruduq.

Müdafiə sənayemiz müasir silahlar, hərbi büdcənin artırılması, informasiya və diplomatik mübarizənin güclənməsi ilə biz artıq aprel ayında psixoloji və strateji qələbəni qazandıq. Aprel döyüşləri zəfərin fundamental nöqtəsi oldu. Biz məhdud hücumlarla qüvvə balansını dəyişdik. Paralel olaraq strateji tərəfdaşlarımızla siyasi və hərbi ittifaqları dərinləşdirdik, ordunun texnoloji üstünlüyü təmin olundu. Bununla yanaşı, öz iqtisadi gəlirlərimizi artırmaqla beynəlxalq iqtisadi mühitdə nüfuzumuzu gücləndirdik. Bütün bunlar, dərin milli ideologiyamıza bağlı, milli kimliyimizə sadiq və sədaqətli bir liderin gördüyü siyasi taktikanın nəticəsi idi.

Diplomatik zəmin və hərbi üstünlük, strateji hücum üçün müdrikcəsinə yaradılan şərait əldə edildikdən sonra, sürətli və manevrli müharibə strategiyası siyasi idarəetməmizlə həyata keçirildi. O zaman kimsənin ağlına gəlməyən qələbə ilə biz bütöv, suveren Azərbaycan tarixini yazdıq. Burada səbr, güclənmə, hazırlıq, təşəbbüs, həlledici hücum və siyasi möhkəmləndirmə bütün bunlar böyük siyasətin, dərin ağılın və müdrik düşüncənin bəhrəsidir. Bu ağıllı taktika bu gün dünyada bizi istəməyən qüvvələri məyus etsə də, ağıllı güclərin yüksək qiymətləndirdiyi bir siyasi aksiya olaraq hələ də davam edir.

İlham Əliyevin Münhenə səfəri, Serbiyaya səfəri və bundan öncəki yüzlərlə səfəri dünyada bizim gücümüzün qəbulunu və yaratdığımız reallıqları təsdiqləyir. Biz bu gün, bu siyasi xəttin inkişafını həyata keçirən liderin ətrafında sıx birləşmişik və bu, dövlətimizin şərəfinin yanında birləşmək deməkdir. Amma daxildə, Allahın hamıya bəxş etdiyi ləyaqət mülkünü itirən satqınlar vasitəsilə, xaincəsinə bu siyasi xəttə hücumlar başlayıb. Hər yeni hücum daha şiddətli və daha əclaf formada olur.

Dəyərli soydaşlar, bu əclaflığın kökü, qələbəmizi həzm edə bilməyən siyasi qüvvələrin siyasi tapşırıqları əsasında baş verənlərdir. Bu satqınlar ilk dəfə deyil ki, bu proseslərin iştirakçısı olurlar. Həmişə olublar, sadəcə açıq ləyaqətsizlik və xəyanətlə yox, gizli riyakarlıqla hərəkət ediblər. Bu gün isə ağalarının istəyi və təkidi ilə açıq və çirkin metodlarla maskalarını yırtırlar. Bir insan bir dəfə satqınlıq edərsə və bağışlanarsa, o insan ömrü boyu xəyanət edəcək. Bu, təcrübənin və elmin sübut etdiyi bir teoriyadır. Satqınlar ordusunu biz tanıyırdıq və onlara edilən güzəştlər, xəyanət hərisliklərini belə şiddətli həddə gətirib çıxartdı. Əslində, çox cılız və saxta xəyanətlərin effektivliyi olmur. Sadəcə, bu prosesdə müxtəlif geosiyasi məkanların, geosiyasi düşüncəsi olmayan insanları və ölkələri tərəfindən tapşırıqlar yerinə yetirildiyinə görə müddəti bir az uzandı. Amma bu xalq sizin xəyanətkar ideyanızın ömrünü qısa zamanda bitirəcək.

Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş