
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əvvəllər tətbiq edilmiş bir sıra sanksiyaların müddətini daha bir il uzadıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu, ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə təqdim edilən bildirişdə əksini tapıb.
Sənəddə ABŞ-ın 46-cı prezidenti Co Baydenin administrasiyası tərəfindən 2022-ci ilin fevral ayında, Tramp administrasiyası tərəfindən 2018-ci ilin sentyabr ayında (ilk prezidentlik müddəti ərzində) və ABŞ-ın 44-cü prezidenti Barak Obamanın administrasiyası tərəfindən 2014-cü ilin mart və dekabr aylarında Krımla bağlı Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərdən bəhs olunur. Sənəddə vurğulandığı kimi, Tramp hesab edir ki, bütün bu məhdudlaşdırıcı tədbirlər 6 mart 2026-cı ildən sonra da qüvvədə qalmalıdır.
Qeyd edək ki, 2014-cü ilin mart ayında Vaşinqton Ukraynadakı hadisələr və Krımın Rusiyaya birləşdirilməsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladı. Bu sanksiyalar bir sıra Rusiya banklarını və şirkətlərini, iri sahibkarları və Rusiya Federasiyasının və Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç hökumətinin yüksək vəzifəli şəxslərini hədəf aldı. Amerika mallarının, texnologiyalarının və xidmətlərinin Krıma ixracı qadağan edildi.
Anar











































