
Energetika Nazirliyində “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Newscenter.az xəbər verir ki. energetika nazirinin müavini Elnur Soltanov bərpa olunan enerji ilə bağlı uğurla icra edilmiş layihələri qeyd edib, “yaşıl enerji"nin ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və ixrac potensialının artırılmasında rolunu vurğulayıb. Bildirilib ki, son illər bu sahədə özəl investisiya cəlbi istiqamətində mühüm addımlar atılıb, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişləndirilib və nəticədə bir sıra iri həcmli layihələr uğurla reallaşdırılıb.
İclas zamanı Komissiyanın Katibliyi tərəfindən 2025-ci il ərzində bərpa olunan enerji layihələri ilə bağlı görülmüş işlər və gələcək planlara dair təqdimat edilib. İstismara verilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası kimi strateji əhəmiyyətli layihələrin ölkənin enerji balansında bərpa olunan mənbələrin payının artmasında əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb. Bununla yanaşı, “yaşıl enerji" dəhlizləri və “yaşıl enerji" zonaları istiqamətlərində həyata keçirilən tədbirlər, işlərin gedişatı və gələcək perspektivlərə dair məruzələr dinlənilib. Qeyd olunub ki, həyata keçirilən layihələr ölkəyə əlavə investisiyaların cəlb olunmasına, yeni iş yerlərinin yaradılmasına və regionların dayanıqlı inkişafına mühüm töhfə verir.
“Azərenerji” ASC-nin İdarə heyətinin sədr müavini Rüstəm Qasımov bərpa olunan enerji layihələri üzrə elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması ilə bağlı cari vəziyyət haqqında məlumat verib, şəbəkə infrastrukturunun gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.
Sonda növbəti iclasa qədər qarşıya qoyulan tapşırıqlara dair qərarlar qəbul edilib.
İclasda Energetika, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Müdafiə, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, Mərkəzi Bank, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi və Minatəmizləmə Agentliyinin nümayəndələri iştirak ediblər.
Süleyman











































