
Fundamental səbəblər aradan qalxmadıqca İrana qarşı hərbi əməliyyatlar ehtimalı yüksək olaraq qalacaq. Hazırda bölgədə çox sıx hərbi hərəkətlilik müşahidə olunur. Birləşmiş Ştatlar Yaxın Şərqə hər gün yeni qüvvələr və hərbi avadanlıqlar göndərir. Bunların içində F 35, F 22 kimi 5-ci nəsil döyüş təyyarələri, eyni zamanda AWACS - lar yer alır. Bu qədər hərbi yığınaq mümkün nəticələrə hesablanmış gedişlərdir.
Reallıq ondan ibarətdir ki, ABŞ İrana hərbi müdaxilə edərsə nə Çin, nə də Rusiya bunun qarşısını ala bilməyəcək. Baxmayaraq ki, Pekin bu məsələdə olduqca aktivdir və mütəmadi olaraq Çinə məxsus hərbi nəqliyyat təyyarələri Tehrana eniş edir. Ancaq bütün bunlar ABŞ qarşısında tab gətirməyə kifayət etməz.
Tehran üçündə vəziyyət xeyli mürəkkəbdir. Ölkə iqtisadiyyatı çökmüş vəziyyətdədir. Milli valyuta kəskin dəyər itirir və özünün anti-rekortunu yeniləyir. Onsuzda xalq ağır sosial vəziyyətdən narazıdır. Mövcud qeyri-müəyyən situasiya insanları daha da qıcıqlandırır.
Buna baxmayaraq ortada bir tərəddüd olduğunu da müşahidə edirik. Vaşinqton qərar verməkdə tələsmir. Səbəblər sadə, nəticələr isə xaotikdir. İran 85 milyondan çox əhalisi olan bir dövlətdir. Rejimə bağlı fanat ordusu var. Onlar çox asanlıqla təslim olmaz. Yəni, İran nə İraq, nə də Suriya deyil. İllərdir ABŞ - a qarşı propaqandalar aparılır və həmin propaqandalar həqiqətən xalqa təsir edib. Təbii ki, hadisələrin yekunun zaman göstərəcək. Amma nəticə etibarilə, heç bir region ölkəsi İrana qarşı müharibənin mənfi təsirlərinə hazır deyil.
Pərviz Mirizadə, siyasi şərhçi












































