Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Türk dünyasının mühüm intellektual və diplomatik mərkəzlərindən biridir

Bakı Türk dünyasının mühüm intellektual və diplomatik mərkəzlərindən biridir


Rauf Babacan: “OKTAN dövlətlərarası əməkdaşlığı toplumlararası hərəkətə çevirən körpüdür”

Son illər Türk dünyasının inteqrasiyası istiqamətində gedən proseslər daha da sürətli xarakter alıb. Bunu şərtləndirən amillərdən biri də bu inteqrasiyada təkcə türk dövlətlərinin siyasi hakimiyətləri deyil, eləcə də qeyri-hökumət təşkilatları və digər müvafiq qurumların fəallıq nümayiş etdirməsidir. Belə təşkilatlardan biri də bir neçə il əvvəl yaradılmış OKTAN təşkilatıdır. Təşkilatın İdarə Heyətinin sədri Rauf Babacanla OKTAN-pın yaranma zərurəti, qarşısına qoyduğu məqsədlər eləcə də bundan sonra görəcəyi işlərlə bağlı söhbətləşdik.

-Rauf bəy, öncəliklə onu bilmək istərdim ki, OKTAN təşkilatının yaranması hansı zərurətdən meydana çıxdı və təşkilat nə zamandan fəaliyyət göstərir?

- “OKTAN Türk Təşkilatl” - Türk dünyasında son illərdə güclənən siyasi, iqtisadi və mədəni yaxınlaşmanın cəmiyyət səviyyəsində sistemli şəkildə dəstəklənməsi ehtiyacından yaranmış bir platformadır. Türk dövlətləri arasında koordinasiya artdıqca, bu prosesin davamlı olması üçün iş dünyası, akademik camie, gənclik və sivil institutların da eyni istiqamətdə hərəkət etməsi zəruri idi.

OKTAN məhz bu boşluğu doldurmaq məqsədilə fəaliyyət göstərir. Platforma beynəlxalq forumlar, strateji araşdırmalar, gənclik proqramları və iş dünyası şəbəkələri vasitəsilə Türk dünyasında davamlı əməkdaşlıq mexanizmləri qurmağa çalışır.

Bu boşluğu doldurmaq məqsədilə OKTAN quruldu — yəni Türk dövlətləri arasında iradəni toplumlararası mexanizmlərlə tamamlayan bir platforma kimi fəaliyyət göstərməkdədir. Təşkilat 2025-ci ilin birinci rübündə təsis edilib və bu zaman içində mərhələli şəkildə formalaşaraq bu gün çoxşaxəli fəaliyyət göstərən bir struktur halına gəlib.
Məqsədimiz ideyanı deyil, mexanizmi qurmaqdır. Türk dünyasının gələcəyi dövlətlərdən çox cəmiyyətlərin sürətindən asılıdır. Türk dünyası ilk dəfə eyni vaxtda iradə göstərir. İndi məsələ bunu davamlı sistemə çevirməkdir.

-Təşkilatın adı maraqlıdır, nə məna kəsb edir?

- “Oktan” qədim latın dilində səkkiz anlayışını ifadə edir, eyni zamanda qədim türk düşüncəsində isə güc, hərəkət və enerji mənası ilə əlaqələndirilir. Bu, fərqli istiqamətlərin bir araya gələrək sinerji yaratmasını ifadə edir. Məqsədimiz, 8 Türk dövlətində təşkilatlanmaq və hədəflərimizə doğru Türk ulusu ilə çiyin-çiyinə hərəkət etməkdir.

-Bildiyimiz qədər OKTAN əsasən Türk dövlətləri ilə müxtəlif istiqamətlərdə fəaliyyəti hədəfləyir. Maraqlıdır, belə bir təşkilatı Azərbaycanda, yaxud hansısa Mərkəzi Asiya respublikasında yarada bilməzdinizmi? Sualımın məğzi ondan ibarətdir ki, Sizi Türkiyəyə cəlb edən nə idi? Qardaş ölkədə təhsil almanız, yoxsa orada daha aktiv fəaliyyət göstərə bilmək imkanınız?

-Bu təşəbbüs Türk dünyasına aiddir, coğrafi olaraq bir ölkəyə bağlı deyil. Türkiyə isə logistika, diplomatik əlaqələr və institusional imkanlar baxımından təbii bir platforma rolunu oynayır. Türkiyədə təhsil almaq və fəaliyyət göstərmək bizə daha geniş şəbəkə qurmaq imkanı verdi. Lakin məqsəd mərkəz yaratmaq deyil, bütün strukturu ilə Türk soyunu daşıyan şəbəkə qurmaqdır. Türkiyə başlanğıc nöqtəsidir, hədəf bütün Türk dünyasıdır. OKTAN dövlətlərarası əməkdaşlığı toplumlararası hərəkətə çevirən körpüdür.

-Təşkilat ötən müddət ərzində nə kimi fəaliyyətlər göstərib və qarşıya qoyulan növbəti hədəflər, məqsədlər nədən ibarətdir?

-OKTAN müxtəlif istiqamətlərdə fəaliyyət göstərir. Bura beynəlxalq konfranslar və forumlar, Türk dünyası ilə bağlı layihələr, gənclik proqramları həyata keçirmək, düşüncə və strateji araşdırmalar aparmaq, iş dünyası ilə əlaqələr qurmaq, ortaq media formalaşdırmaq, Türk dünyasına tarixi və mədəni səfərlər təşkil etmək daxildir.

Növbəti mərhələdə əsas diqqət tematik platformalar, ortaq layihələr həyata keçirmək, regional nümayəndəliklər yaratmaq, düşüncə istehsalının gücləndirilməsi, türk dünyası futbol çempionatı keçirmək, Türk dünyasının ortaq dərgisini yayınlanmağa yönəldiləcək.

Bir sözlə, OKTAN-ın əsas məqsədi ortaq gələcəyi təsadüfə deyil, planlamaya buraxmaqdır.

-Qeyd etidyim kimi əsas hədəf bildiyimiz qədər Türk dövlətləri ilə əlaqələrdir. Bu mənada Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq planlarınız, bu istiqamətdə əlaqələriniz hansı səviyyədidir? Yaxud əməkdaşlıq üçün planlarınız nədən ibarətdir?

-TDT dövlətlərarası çərçivəni müəyyən edir. OKTAN isə cəmiyyət səviyyəsində bu çərçivəni tamamlayan platforma rolunu oynayır.
Əməkdaşlıq istiqamətimizə ekspert platformaları, gənclik və akademik proqramlar, iş dünyası dialoqu, su və torpaq sekreteryası daxildir. Bu, paralel deyil tamamlayıcı münasibətdir. Dövlət strukturları istiqamət göstərir, cəmiyyət sürət verir.

-Bəs, Azərbaycanla bağlı da hansısa planlarınız varmı? Deyək ki, OKTAN-ın Bakı ofisinin və ya nümayəndəliyinin açılması, yaxud Azərbaycandakı hər hansı bir qurumlarla əməkdaşlıq imkanları nəzərdən keçirilirmi?

-Azərbaycan bütün digər Türk dövlətlərimiz kimi OKTAN üçün strateji tərəfdaş ölkədir. Bakı Türk dünyasının mühüm intellektual və diplomatik mərkəzlərindən biridir.

Məlumat üçün qeyd edim ki, nümayəndəlik və yerli tərəfdaşlıqlarımız mövcuddur. Ticarət sahəsində “AQSİA” ilə Səkinə xanım Babayevanın rəhbərliyi ilə əməkdaşlıq memarandumu imzalanıb, Strateji araşdırmalar üzrə “ATLAS Araşdırmalar Mərkəzi” ilə (Elxan Şahinoğlu) əməkdaşlığımızı davam etdiririk. Xüsusilə, Gənç Oktan Azərbaycanda Universitetlər istiqamətində sıx əməkdaşlıqlar həyata keçirməkdədir. Məqsəd ofis açmaqdan çox fəaliyyət ekosistemi qurmaqdır. Hesab edirəm ki, Azərbaycan bu prosesin mərkəzi aktorlarından biridir.

-Ümumiyyətlə, OKTAN olaraq Türk dünyasının gələcəyini necə görürsünüz?

- Türk dünyası ideya mərhələsini geridə qoyur və sistem mərhələsinə keçir. Nəqliyyat, enerji və siyasi koordinasiya artıq mövcuddur.
Növbəti mərhələ iqtisadi inteqrasiya, insan hərəkətliliyi, ortaq institutlar yaratmaqdan keçir.
Bu baş verərsə, Türk dünyası qlobal balansda mühüm regional sistemə çevriləcək. Gələcək güc balansını əlaqə qura bilən cəmiyyətlər müəyyən edəcək.

-Son olaraq bilmək istərdim ki, cari il üçün planlarınız, qarşıya qoyduğunuz hədəflər nədən ibarətdir?

-Cari il üçün əsas diqqətimiz üç istiqamətədir. Birincisi, Türk dünyasında şəbəkələrin genişlənməsi, ikincisi, strateji layihələrin startının verilməsi, üçüncüsü, regional əməkdaşlıqların dərinləşməsi.
Eyni zamanda düşüncə mərkəzimizə bağlı TDT 5 daimi üzv ölkələrində ortaq jurnal təşkili və yayılmasına başlamağı düşünürük.

Türk Dünyası İş Şurası platformunu yayınlamaq və onu iş dünyamızın istifadəsinə təqdim etmək də qarşıda duran hədəflərdəndir.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş