Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

XX əsrdə bəşəriyyət, insanlıq əleyhinə törədilmiş ən ağır cinayət

XX əsrdə bəşəriyyət, insanlıq əleyhinə törədilmiş ən ağır cinayət


XX əsrdə bəşəriyyət, insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri, Xocalı soyqırımından bizi 34 illik zaman kəsimi ayırır. 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı alayın iştirakı ilə Xocalıya hücum edərək Azərbaycan xalqına qarşı növbəti soyqırım həyata keçirdilər. Bu sıradan bir işğal, təcavüz deyildi. Bu Azərbaycan xalqının timsalında dinc insanlara, əli yalın xalqa qarşı həyata keçirilən növbəti vəhşilik, soyqırım idi. Erməni silahlı birləşmələri qoca, körpə, uşaq, qadın demədən mühasirədə qalmış vətəndaşlarımızı qətlə yetirdi, tarixə növbəti vəhşilik damğasını vurdu. Təəssüflər olsun ki, bu cinayət sivil dünyanın gözü qarşısında, insan hüquq və azadlıqları deyə bar-bar bağıran beynəlxalq təşkilatların gözü qarşısında baş verdi.

Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular. Ümumilikdə, bu soyqırım nəticəsində 613 nəfər öldürüldü. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl idi. 8 ailə tamamilə məhv edildi. 56 nəfər xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq qətlə yetirildi. 27 ailənin yalnız 1 üzvü qalıb. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini, 230 ailə isə öz başçısını itirib. 487 insan şikəst olub ki, onlardan 76 nəfər həddi-buluğa çatmayanlardır. Bundan başqa faciə günü 1275 insan əsir götürülüb ki, onlardan 1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün olub. 150 nəfərin taleyindən isə indiyə kimi heç bir məlumat yoxdur. Soyqırım nəticəsində təkcə azərbaycanlılar qətlə yetirilmədi, eyni zamanda işğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrildi. İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.

Xocalını ələ keçirmək həmin dövrdə erməni silahlı birləşmələri üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki Xocalının ələ keçirilməsi Ermənistanın sonrakı mərhələdə Azərbaycanın digər şəhər və rayonlarının işğal edilməsi üçün şərait yaradırdı və ermənilər üçün əlverişli mövqe təmin edirdi. Xüsusilə, Xocalı hava limanının ələ keçirilməsi strateji üstünlük hesab olunurdu.

Təəssüf ki, həmin dövrdə dünya Xocalıda baş verən soyqırıma səssiz qalır, insanlıq əleyhinə törədilmiş bu cinayəti görməməzlikdən gəlirdi. Həmin dövrdə Azərbaycana rəhbərlik edən siyasi hakimiyyətlərin də bu məsələdə ehtiyatlı davranışı, Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində işin qurulmaması tədricən bu vəhşiliyin yaddaşlardan silinməsinə xidmət edirdi.

Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımının beynəlxalq aləmə çatdırılması, bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi istiqamətində sistemli addımlar atıldı, müvafiq qərarlar qəbul olundu. Beləliklə, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi. Ümummilli Liderin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib.

Xocalı soyqırımının dünyaya çatdırılması, ona hüquqi-siyasi qiymətin verilməsi və bu soyqırımın beynəlxalq aləmdə tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatmış olduğu "Xocalıya Ədalət" kampaniyası dövlətin bu istiqamətdə apardığı işə mühüm dəstək xarakteri daşıyırdı. Məhz sözügedən kampaniyanın uğurla həyata keçirilməsi nəticəsində qısa müddətdə bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul etdi, bu cinayəti pisləyən bəyanatlar qəbul olundu. Ümumilikdə, 2008-ci ildə start verilən kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Məhz görülən işlərin nəticəsidir ki, bu vaxtadək 18 ölkənin (Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstanın, Bolqarıstan) qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul olunub.

İnsanlıq əleyhinə cinayətin 34-cü ildönümünü yaşadığımız günlərdə də bu soyqırımın tanıdılması, həmin cinayəti törədənlərin beynəlxalq ədalət qarşısında cavab verməsi üçün dövlət və onun müvafiq qurumları, eyni zamanda vətəndaş cəmiyyətinin fəaliyyəti davam edir. Bütün bu fəaliyyətlərin fonunda isə bizim bir təskinliyimiz var. Tarixi ədalətin bərpası. 2020-ci ilin sentyabrında Ermənistanın növbəti dəfə ərazi iddiasına düşməsi və Azərbaycana hücum etməsi Ali Baş Komandan Cənab İlham Əliyevin Müzəffər Ordusunu əks hücum əməliyyatına məcbur etdi. Nəticədə 44 gün ərzində işğal altında olan ərazilərimiz düşməndən azad olundu, antiterror əməliyyatı ilə isə suverenliyimiz tam bərpa oldu. Bu gün digər işğal altında olan ərazilərimiz kimi Xocalı da azaddır və öz daimi sakinlərini qoynuna alıb. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında azad olunmuş hər bir şəhər və rayonda olduğu kimi Xocalıda da genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Bu gün Xocalının azad olması, 2025-ci il fevralın 25-də Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması Xocalı qurbanlarının ruhuna göstərilən ən böyük ehtiramdır. Bu gün Xocalıda yenidən başlayan həyat, onun azad olunması və Xocalıda bayrağımızın dalğalanması soyqırım qurbanlarının ruhlarının da rahat olduğunu deməyə əsas verir. Hər bir şəhid övladımız kimi Xocalı qurbanlarının ruhları şaddır ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunub.

İlham Məmmədov, Milli Məclisin deputatı
Xəbəri paylaş