
"Regionda de-fakto sülhün və dayanıqlı sabitliyin formalaşdığı, ticari və logistik əlaqələrin bərpası üçün mühüm addımların atıldığı, habelə əməkdaşlıq mühitinin formalaşmaqda olduğu bir periodda Ermənistan Xarici İşlər Nazirliyinin "Marağa Qırğınının anımı" adı altında nifrət və revanş mahiyyətli bəyanat yayımlaması İrəvanın 8 avqust 2025-ci il Vaşinqton bəyanatı sonrası nümayiş etdirdiyi mövqeni və hazırda real niyyətini sual altına alır".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili qeyd edib ki, xüsusən cəmi 6 il öncəyə qədər BMT Təhlükəsizlik Şurasının qüvvəyə minmiş qətnamələrinə rəğmən Azərbaycanın ərazilərini 30 il işğalda saxlamış, 1 milyondan artıq insanın məcburi köçkün düşməsinə səbəb olmuş, təcavüzkar dövlət siyasəti çərçivəsində Xocalı, Qaradağlı, Ballıqaya, Başlıbel, Ağdaban, Meşəli, Malıbəyli və Quşçular soyqırımları ilə dinc əhalinin vəhşicəsinə qətlə yetirildiyi, XX əsrin ən amansız kütləvi qırğınlarını törətmiş, yalnız Azərbaycanın məcburetmə tədbirləri nəticəsində sülh prosesinin iştirakçısına çevrilmiş Ermənistanın insanlıq əleyhinə cinayətlərdən danışması, yaxud Azərbaycanı sistemli zorakılıqda ittiham etməsi gülüncdür:
"Aydın görünür ki, 10 aprel 1992-ci il hadisələri ilə bağlı uydurulan "Marağa" narrativi Ermənistanın öz cinayətlərini ört-basdır etmək üçün istifadə etdikləri manipulyasiya vasitəsidir. Hazırda davam edən sülh quruculuğu, o cümlədən Azərbaycan ərazilərindən Ermənistana tranzit məhdudiyyətinin götürülməsi və Ermənistana Azərbaycanın özündən və digər ölkələrdən məhz bizim ölkə vasitəsilə yüklərin daşınmasında ehtiva olunan ticari əlaqələrin bərpa olunması, əməkdaşlıq mühitinin bərqərar olması fonunda İrəvan diplomatiyasının yenidən miflərə köklənməsi cari perspektiv vəd edən konfiqurasiya üçün təhdid törətməkdədir".
Bəhruz Məhərrəmov, "Bu mənada, Ermənistan tərəfi, yaxşı olar ki, saxta "anım" kampaniyaları ilə revanşizmi alovlandırmaq məqsədi güdən zərərli və saxta ittihamları bir kənara qoyub, Vətən müharibəsi və antiterror tədbirlərinin nəticələrini bir daha xatırlayaraq məhz Azərbaycan Prezidentinin təşəbbüsünə əsaslanaraq formalaşan sülh reallığının qorunmasına çalışsın",-deyə vurğulayıb.
Süleyman












































