Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkə başçısının nümayiş etdirdiyi qətiyyətin nəticəsi

Ölkə başçısının nümayiş etdirdiyi qətiyyətin nəticəsi


"Rusiya tərəfindən kompensasiya ödənilməsinə razılıq verilməsi xəbəri təkcə humanitar məsələ deyil, həm də siyasi, hüquqi və diplomatik aspektləri olan kompleks bir hadisə kimi qiymətləndirilməlidir".

Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, ilk növbədə, kompensasiya razılaşmasının özü hadisənin hüquqi çərçivədə müəyyən məsuliyyətin qəbuluna işarə edə bilər:

"Beynəlxalq aviasiya hüququnda, xüsusilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı çərçivəsində, belə hallarda əsas prinsip hadisənin səbəblərinin obyektiv araşdırılması və günahkar tərəfin müəyyən edilməsidir. Əgər Moskva kompensasiya ödəməyə razılaşırsa, bu, birbaşa günahın etirafı olmasa belə, dolayı məsuliyyətin qəbul edilməsi kimi qəbul oluna bilər. Bununla belə, dövlətlər çox vaxt hüquqi məsuliyyəti formal şəkildə qəbul etmədən, siyasi və diplomatik gərginliyi azaltmaq üçün kompensasiya mexanizmlərinə gedirlər.
İkinci mühüm məqam siyasi kontekstdir. Rusiya üçün Azərbaycan regionda itirilməsi mümkün olmayan tərəfdaşlardan biridir. Xüsusilə enerji marşrutları, Cənubi Qafqazdakı təsir uğrunda rəqabət və Qərblə münasibətlər fonunda Bakı ilə münasibətlərin kəskin pisləşməsi Moskva üçün strateji risk yaradar. Bu baxımdan, təzminat qərarı siyasi gərginliyin böyüməməsi üçün atılmış addım kimi də qəbul oluna bilər".

Politoloq qeyd edib ki, Rusiyanın təzminat ödənilməsinə razılıq verməsindəki ən vacib səbəb isə rəsmi Bakının prinsipiallığı, ölkə başçısı Cənab İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətdir:

"Bu prinsipiallığın nəticəsində Rusiya başa düşdü ki, Azərbaycan haqlı tələbindən geri çəkilmək niyyətində deyil. Bu səbəbdən AZAL təyyarəsinə görə, təzminat ödəmək qərarını açıqladı.

Digər tərəfdən, bu addım həm də preventiv diplomatiya nümunəsidir. Belə hadisələrdə əsas risk təkcə faktiki qəza deyil, onun yaratdığı siyasi rezonansdır. Əgər məsuliyyət məsələsi uzanırsa və ya inkar edilirsə, bu, ictimai rəyə və dövlətlərarası münasibətlərə daha ciddi zərbə vurur. Görünən odur ki, Moskva nəhayət ki, bu riski başa düşdü.
Amma onu da əlavə edim ki, əsas məsələ hələ də açıq qalır. Qəzanın səbəblərinin tam və şəffaf şəkildə ortaya qoyulması və günahkarların cəzalandırılması".

Süleyman
Xəbəri paylaş