Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın təzminat ödəmək qərarı ədalətin bərpasıdır

Rusiyanın təzminat ödəmək qərarı ədalətin bərpasıdır



"Rusiyanın Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasına görə, təzminat ödəmək qərarı təqdirəlayiqdir. Bir qədər gec də olsa, nəhayət ki, Rusiya belə bir qərar verərək Azərbaycanın haqlı tələbinə doğru müsbət addım atmış oldu. Bu qərar həm də ədalətin bərpası, Azərbaycanın diplomatik uğurunun göstəricisidir".

Bunları Newscenter.az-a "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyinin sədri İlham İsmayılov səsləndirib. O bildirib ki, əslində Rusiya bu addımı AZAL-a məxsus təyyarənin vurulmasından dərhal sonra atmalı idi:

"Ancaq görünür Rusiya düşünürdü ki, bundan əvvəl işlətdiyi cinayətlər kimi bunu da ört-basdır edə biləcək və qarşı tərəf də Kremlin qərarı ilə razılaşacaq. Ancaq Azərbaycan dövləti, Azərbaycan rəhbərliyi, ölkə başçısı Cənab İlham Əliyev qətiyyət nümayiş etdirərək Bakının haqlı tələbini ötən dövr ərzində imkan və məqam düşdükcə bütün səviyyələrdə Moskvanın diqqqətinə çatdırdı. Nəhayət, Moskvaya aydın oldu ki, Bakı haqlı tələbində geri çəkilmək niyyətində deyil. Bu səbəbdən AZAL təyyarəsinə görə, təzminat ödəmək qərarını açıqladı".

İlham İsmayılov hesab edir ki, Rusiya təyyarənin vurulduğu ilk günlərdən bu addımı atsa, Moskva-Bakı münasibətlərində bu qədər gərginlik yaranmazdı:

"Lakin təəssüflər olsun ki, Rusiya hər zaman olduğu kimi həmin faciə zamanı da özünü diktə edən tərəf kimi göstərməyə çalışdı, digər dövlətlər və xalqlara özünün arxa bağçası kimi baxmaq ənənəsini bir daha ortaya qoydu. Rusiyanın bu addımı Azərbaycanla imzalanmış müttəfiqlik haqqında sazişin ruhuna, prinsiplərinə də zidd idi".

İlham İsmayılov onu da deyib ki, Rusiyanın təzminat qərarına Azərbaycanın Cənubi Qafqaz regionunda yeri və rolu, xüsusilə son vaxtlar bölgədə fəal oyunçu kimi ortaya qoyduğu mövqe də müəyyən mənada təsirsiz ötüşməyib:

"Xüsusilə, İrana qarşı hərbi əməliyyatlar fonunda Azərbaycan regionda bir daha nə dərəcədə cəlbedici və vacib tərəfdaş ölkə olduğu təsdiqləmiş oldu. Hərbi əməliyyatlar zamanı İranda olan rusların Azərbaycan vasitəsilə təhlükəsiz şəkildə, yüksək diqqət və qayğı göstərilərək öz vətənlərinə getməsi, eləcə də Rusiyadan İrana göndərilən humanitar yardımın Azərbaycan ərazisindən keçməklə maneəsiz cənub qonşumuza çatdırılması bunu bir daha təsdiq edir. Digər tərəfdən Moskvanın bu addımını Rusiyanın Azərbaycanı özünə tərəf çəkmək niyyəti kimi də başa düşmək olar. Vaşinqton razılaşmasından sonra Rusiyanın Cənubi Qafqazdan demək olar ki, təcridedilmə vəziyyətinə düşməsi Kremlin yenidən regiona marağının artmasını şərtləndirib. Yerləşdiyimiz coğrafiyanın əsas söz sahibi, güclü dövləti Azərbaycan olduğu üçün Rusiya da öz növbəsində regionda maraqlarını qorumaq üçün Bakının tələblərini yerinə yetirməli olur. Düşünürəm ki, bütün bunlar Rusiyada Azərbaycanın haqlı tələbini yerinə yetirmək məcburiyyətindı buraxan məqamlardır".

Süleyman
Xəbəri paylaş