
"Rusiyanın AZAL-a məxsus təyyarənin vurulmasına görə təzminat ödəməsi barədə qərarı, hər şeydən əvvəl ədalətin bərpası deməkdir. Məsələ ondadır ki, Rusiya kimi dövlətlər, adətən analoji hallarda öz günahlarını etiraf etmirlər. Ancaq, təyyarənin vurulduğu andan bəri, Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin tutduğu prinsipial mövqe, məntiqi sonluqla nəticələndi".
Bunları Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkilinin sözlərinə görə, dövlətimizin sərgilədiyi münasibət, beynəlxalq birlik tərəfindən də, sürpriz kimi qəbul olundu:
"O dövrə qədər, mövcud olan ictimai rəy ondan ibarət idi ki, Azərbaycan tərəfi Rusiyanın təsiri altında öz haqqlarını tələb etməyəcək, bütövlükdə güzəştə gedəcəkdir. Faktlar göstərdi ki, bütün təzyiqlərə, qara propaqandaya baxmayaraq, dövlətimiz əyilmədi. Öz sözünü ən ali səviyyədə dedi. Bütün bunlar, bir daha Azərbaycanın güclü dövlət olduğunu göstərməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun artmasına səbəb oldu".
Nəsib Məhəməliyev qeyd edib ki, Azərbaycan bütün qonşularına, o cümlədən də Rusiyaya yönəlik, bərabərhüquqlu, qarşılıqlı hörmətə söykənən siyasət aparır:
"Əks tərəfdən də, adekvat münasibət gözləmək haqqımızdır".
Süleyman












































