
Qırğızıstanda keçiriləcək VI Dünya Köçəri Oyunlarında 112 ölkədən təxminən 3000 idmançı iştirak edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu oyunların tarixində rekord göstəricidir. İlk dəfə olaraq Oyunlarda Kabo-Verde, Avstraliya, Yeni Zelandiya, Əlcəzair, Burundi, Qambiya, İordaniya, Misir, Kot-d'İvuar, Oman, Uqanda, Efiopiya və Şimali Makedoniyadan komandalar da təmsil olunacaq. Rusiya komandası yarışda ən böyük komandalardan biri olacaq və 33 bölgədən olan idmançılar 43 idman növündə medallar uğrunda mübarizə aparacaqlar.
Oyunların açılış mərasimi paytaxtdakı 51.000 tamaşaçı tutumuna malik Bişkek Arena stadionunda keçiriləcək. Bu, Orta Asiyanın ən böyük stadionunda keçiriləcək ilk tədbirdir. Yarışların əsas hissəsi 6 sentyabra qədər Kırçın dərəsində və İssık-Kul bölgəsindəki Çolpon-Ata kurort şəhərindəki ippodromda olacaq.
Ən populyar idman növlərindən biri Asiya xalqları arasında geniş yayılmış qədim atçılıq yarışı olan ənənəvi kok-borudur.
Qeyd edək ki, ilk Dünya Köçəri Oyunları 2014-cü ildə Qırğızıstanda keçirilib. 19 ölkədən 583 idmançı 10 idman növündə yarışıb. O vaxtdan bəri yarış hər iki ildən bir keçirilir. COVID-19 pandemiyası səbəbindən 2020-ci ildə yarışlar ləğv edilib. 2022-ci ildə Oyunlar ilk dəfə Qırğızıstandan kənarda, Türkiyənin qədim İznik şəhərində ev sahibliyi ilə baş tutub. İznikdə 102 ölkədən 3000 idmançı iştirak edib. 2024-cü ildə estafeti Qazaxıstan götürüb. 2021-ci ildə UNESCO yarış proqramını qeyri-maddi mədəni irsin qorunması üzrə ən yaxşı təcrübələr reyestrinə daxil edib.
Natiq










































