Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi


Azərbaycan xalqının milli kimliyini yaşadan başlıca amillərdən biri də məhz onun ana dilidir. Tarix boyu müxtəlif ideoloji və siyasi təzyiqlərə məruz qalan Azərbaycan dili, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, prinsipial və cəsarətli mövqeyi sayəsində qorunub saxlanılmış və inkişaf etdirilmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən dil siyasəti, təkcə dilin hüquqi statusunun təmin olunması ilə kifayətlənməmiş, eyni zamanda milli-mədəni özünüdərkin formalaşmasında da mühüm rol oynamışdır.
1969-cu ildə Azərbaycanda rəhbərliyə gələn Ulu Öndər, SSRİ kimi mərkəzləşmiş və ruslaşdırma siyasətinin sərt tətbiq olunduğu bir imperiyada, Azərbaycan dilinə olan münasibətdə örnək olacaq addımlar atdı. O dövrdə bir çox respublikalarda yerli dillər ikinci planda qaldığı halda, Heydər Əliyev rəsmi tədbirlərdə Azərbaycan dilində çıxışlar edərək, ana dilinin ictimai-siyasi nüfuzunu yüksəltdi. Ən mühüm addımlardan biri isə 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin rəsmi status qazanması oldu ki, bu da Sovetlər İttifaqında nadir bir hal kimi tarixə düşdü.

Ulu Öndər 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra dil məsələsinə xüsusi diqqət ayırdı. Onun təşəbbüsü ilə 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit edildi. 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə dövlət dilinin tətbiqi və qorunması istiqamətində yeni bir mərhələ açdı. Elə həmin il avqustun 1-i “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi təsis edildi-bu, xalqın dilinə verilən dəyərin ən yüksək göstəricisi idi.

Heydər Əliyevin dil siyasəti eyni zamanda ana dilində təhsilin, nəşrlərin və ədəbi dilin inkişafına xidmət etdi. Ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərsliyi yaradıldı və dövlət mükafatına layiq görüldü. Azərbaycan ədəbiyyatının klassik nümunələrinin təbliği, yazıçı və şairlərin ana dilində yaradıcılığı üçün münbit şərait formalaşdırıldı. Bütün bu işlər Ulu Öndərin dilə yalnız hüquqi deyil, həmçinin mənəvi-mədəni sərvət kimi yanaşdığını sübut edir.

Ulu Öndər Heydər Əliyevin dil siyasəti onun dövlətçilik strategiyasının ayrılmaz hissəsi olmuşdur. Onun uzaqgörən qərarları nəticəsində bu gün Azərbaycan dili dünya azərbaycanlılarının həmrəyliyinin əsas rəmzlərindən biri kimi çıxış edir. Azərbaycan dilinin bu səviyyəyə çatması sözsüz ki, Ulu Öndərin ana dilinə olan sonsuz sevgisinin və sarsılmaz siyasi iradəsinin bəhrəsidir. Bizlərə düşən isə bu irsi qoruyub yaşatmaq və gələcək nəsillərə layiqincə ötürməkdir.

Rəvanə Kərimova, Nəsimi rayon gənci
Xəbəri paylaş