
Bəli, “barışmaz” və radikal düşərgənin bayraqtutanı maskasını üzünə taxmış Əli Kərimlinin əslində siyasi peşəkarlıqdan çox uzaq olduğunu hamımız gözəl bilirik. Ən azından ona görə ki, bu “siyasətmen”in adı ilə son 30 il ərzində assosiasiya olunan ucuz demaqogiya, cılız emosionallıq, şəxsi uğursuzluq, təhrikedici nitq, qərəz, yalan, açıq mübarizədən qaçmaq (boykot məhz açıq mübarizədən qaçmaq deməkdir), monotonluq, inkarçılıq və digər bu kimi keyfiyyətlər heç bir zaman siyasi peşəkarlığın göstəriciləri ola bilməz. Əksinə, sadaladığımız keyfiyyətlər xalis radikal təfəkkürün və avantürizmin təzahürləridir.
Şəxsi iddiasına görə 30 ildən artıq siyasət ilə məşğul olan Kərimli sanki efirdə ilk dəfə olan və öz görüntülərini qohum-qonşu arasında paylaşan artist kimi hansısa jurnalda çıxmış məqaləsini sevincək və tələsik şəkildə sosial şəbəkələrdə paylaşır, hətta bu cızma-qaradan böyük sensasiya yaratmaq istəyir. Qeyd olunan fakt öz-özlüyündə bu bəlalı siyasətçinin kiçik düşüncə sahibi olmasından xəbər verir və natamamlıq kompleksindən ciddi şəkildə əziyyət çəkdiyini nümayiş etdirir. Öz bayraqtutanları haqqında və ümumiyyətlə aid olduqları düşərgə ilə bağlı pozitiv məlumatları eşitməyə alışmayanlar çaşqınlıq içində məqaləni paylaşır, ancaq həqiqətdə nə baş verdiyini hələ də anlaya bilmirlər.
Analitikadan çox uzaq olan, habelə siyasi nəzəriyyə və təcrübəyə heç bir faydası olmayan məzmunsuz, başlıca olaraq məsuliyyətsiz olan bu cızma-qara öz mahiyyətinə görə daha çox “Ulduz” filminin qəhrəmanı olan yoldaş Gülümsərovun yuxarılara yazdığı bəlli təyinatlı məktubuna bənzəyir. Sosial şəbəkələrdə isterik şəkildə cızma-qarasını paylaşan Kərimli əslində özünü növbəti dəfə ifşa etməkdən başqa heç bir işlə məşğul olmur.
Xəstə təxəyyülündə yaratdığı yalan və iftira dolu dünyasında yaşayan bu “siyasətmen”in xəbəri yoxdur ki, Milli Elmlər Akademiyasının orta-statistik əməkdaşının belə vəzifə öhdəliyinə daxildir ki, xaricdə nəşr olunan toplularda mütəmadi olaraq müxtəlif yazılar ilə çıxış etsin. Təvazökar alimlər susur, ancaq 30 ildən sonra dayaz məqaləsi çıxmış demaqoq öz yazısının ətrafında ucuz şou yaradır. Bəli, haqlısınız, bu yalnız xalis demaqoq və narsistə aid ola biləcək keyfiyyətdir. Burada əsl “siyasi lider” obrazının heç izi-tozu belə görsənmir. Daha betər hal odur ki, kollektiv əməyin məhsulu olan bu “qaralama” təkcə müəllifin xislətini aşkar etmir, yazı eyni zamanda bütün düşərgənin mahiyyətini üzə çıxardır. Əlbəttə ki, bu cür düşərgədə bədbinlik hissinin yaşanması qaçılmazdır.
Oxuyucunu yormamaq üçün sözügedən məqalənin sadəcə bəzi məqamlarına diqqət yetirək ki, tənqidlərimizin obyektiv olduğunu hamı görə bilsin. “Azərbaycan müxalifəti açıq şəkildə bildirir ki, biz yalnız Rusiyadan tam ayrıldıqda sabit, davamlı demokratiya qura bilərik” – deməli bu siyasi şoumen artıq bütün müxalifətin adından danışır. Bu cür mesajın təyinat və məqsədi aydındır: ölkədə iğtişaş yaratmaq və sabitliyi pozmaq istəyən xarici qüvvələr öz niyyətlərini həyata keçirtmək üçün kimə müraciət etməli olduqlarını bildirir. Odur ki, bu sözlər sadəcə xəstə ambisiyaların təzahürü deyillər, onlar düşmənə ötürülən açıq mesajdır. Burada hər-hansı “böyük amallardan” və ya demokratik mübarizədən söhbət belə gedə bilməz. Özünü Qərbə “müxalifətin lideri” kimi sırıyan bu demaqoq sadəcə potensial alıcıya öz xain xidmətlərini təklif edir. Mətbuatdan onu da bilirik ki, Kərimli rəhbərlik etdiyi partiyadan vaxtaşırı qalmaqallı qopmalar baş verir. Öz partiyasında belə fikir birliyini yaşatmaq iqtidarında olmayan siyasətçi necə bütün müxalifətin adından danışa bilər ki?
Siyasətdə yoldaş Gülümsərov obrazını yaşadan Kərimlinin konkret təyinatlı mesajları qeyd olunanlar ilə bitmir: “Məni istənilən gün həbs edə və ya öldürə bilərlər”. Gülümsərov-Kərimlinin sözügedən mesajının açıqlaması budur: “ey sabitliyi pozmaq və iğtişaş yaratmaq arzusunda olan qüvvələr, tələsin məni həbs edə bilərlər və siz köməksiz qala bilərsiniz. Çünki Azərbaycanda məndən başqa sizin demokratik nağıllarınıza inanacaq və digərləri inandıracaq adam qalmayıb.” Heç şübhəsiz ki, bu cür davranış yalnız xəstə təfəkkürün və məkrli niyyətlərin törəməsidir.
Məqalədə müəllifin digər absurd fikri də internet istifadəçisində yalnız təbəssüm yarada bilər: “5 ildən artıqdır mənə tətbiq olunan internet blokadası”. Təəccüblənərəm əgər hər-hansı bir sosioloji tədqiqat mərkəzi tərəfindən keçirilən bəsit sorğunun nəticəsində müəyyən olunacaqdır ki, şou-biznesin konkret bir nümayəndəsi ilə yanaşı, qeybət kontekstində sosial şəbəkələrdə ən çox adı çəkilən ikinci şəxs məhz Kərimlidir. Bu siyasətçinin ismi eyniliklə şou-biznesin nümayəndələrinin adı kimi yalnız qalmaqallarda çəkilir. Mövcud vəziyyət heç də təsadüfi deyil, çünki tətbiq olunan fəaliyyət prinsipi eynidir: qalmaqal bərabərdir populyarlıq. Mövcud vəziyyətdə adını qeyd etdiyimiz siyasətçi hansı siyasi əxlaq ilə internet blokadadan danışır? Bəs necə davamlı olaraq statuslar, hətta yazdığı cızma-qaranı belə “məqalə” adı ilə sosial şəbəkələrdə paylaşır? Gördüyümüz kimi, onun hər bir sözü və fikri ucuz yalan və xalis demaqogiyadır.
Yazıda öz əksini tapmış digər “ağıllı” və təzadlı fikirlərə diqqət yetirək: “Odur ki, mən Rusiya ilə Azərbaycan arasında gərginliyin davam edəcəyini düşünürəm” və “İlham Əliyevə Rusiyanın Cənubi Qafqazda mövcudluğu lazımdır ki, demokratik Qərbin regiona təsirini neytrallaşdırsın”. Tamamilə bir-birini təkzib edən və heç bir şərhə ehtiyacı olmayan bu fikirlər də ucuz demaqogiyadan başqa bir şey deyil.
Ümumiyyətlə yazıda təzadlı fikirlər kifayət qədər çoxdur: “O düşünür ki, əgər Qərbi inandıra bilsə ki, artıq Rusiyadan asılı olmadan siyasət aparır, onda Azərbaycandakı insan hüquqları pozuntularına görə Qərbin təzyiqi zəifləyəcək” bir tərəfdən və “Vətəndaş hüquq və azadlıqlarına, demokratiyaya nifrət edən Əliyev rejimi hələ ki Qərblə real yaxınlaşma planlaşdırmır” – digər tərəfdən. Əlbəttə ki, bu cür fikirlər özünə hörmət edən məsuliyyətli siyasətçinin yanaşmasına ziddirlər.
Cavabsız məhəbbət yaşayan bir aşiqin Qərbə oxunulan etiraf serenadasına daha çox bənzəyən bu məqalədə müəllif qeyd edir ki: “Avropaya inteqrasiya olmadan bizim Azərbaycanda quracağımız demokratiya sabit və davamlı olmaya bilər.” Dərhal sonra isə müəllif “milli qüvvə” statusuna iddia etdiyini yada salır və öncəki fikrini tamamilə təkzib edən digər sözləri qeyd edir: “Əlbəttə, Azərbaycanda demokratiyanı yenidən bərqərar etmək bizim öz işimizdir.”
Yazıda öz əksini tapmış “Əliyev rejiminin dəstək verəcəyim heç bir yanı yoxdur” kimi sözlər isə həqiqətdə o deməkdir ki, əldə olunmuş tarixi Qələbəni belə satmaq və şübhə altına salmağa hazıram. Azərbaycan dövlətinin tarixində ən qürurlu dövrünü yaşadığı zamanda və Qələbə naminə bütün xalq bir arada olan vaxtda bu cür xain fikirlərinin səsləndirilməsi həm də o deməkdir ki, Kərimli öz siyasi ambisiyalarını ödəmək naminə milli maraqları belə satmağa hazırdır. Bu cür etiraflar siyasi alverçini ölkəmizdə iğtişaş yaratmaq arzusunda olan qüvvələr üçün ideal kadra çevirir.
Odur ki, yoldaş Gülümsərovun bəlli məktubu kimi, Kərimlinin də bu cızma-qarası heç də xoş niyyətlə yazılmayıb. Bu cür addımların demokratik siyasi mübarizəyə və ya sağlam siyasi rəqabətə heç bir aidiyyəti yoxdur. Demokratik mübarizə və sağlam rəqabət üçün ideal mühit yaradan əsas amil siyasi dialoq məfhumudur. Bayraqtutanı Kərimli olan radikal düşərgə isə nəinki dialoqda iştirak etmir, onu hətta var gücü ilə inkar edir. Bilməyimiz vacib olan həqiqət budur.
Beləliklə, müəyyən etdiyimiz təzadlar növbəti siyasi həqiqətləri ifşa edir: demaqogiya və təxribatlar radikal düşərgənin əsas alətləri olaraq qalmaqdadır; milli maraqlar həmin düşərgə üçün əsla prinsipial meyar deyil; məsuliyyət hissi olmadığı üçün bir-birini təkzib edən bəyanatlar verilir; bu düşərgədə konseptual yanaşma yox və bütün fəaliyyət yalnız demaqogiya üzərində qurulub; radikal təfəkkür paradiqmasında insanlar və hətta yaxın tərəfdaşlar belə alət kimi istifadə olunurlar; emosional manipulyasiyalar radikal düşərgənin ideoloji fəaliyyətinin əsası kimi qalmaqda davam edir. Bir sözlə, bu siyasi personajın təfəkkürü səksəninci illərinin sonunda olduğu vəziyyətdəki kimi donub qalıb. O, hələ də anlaya bilmir ki, müxalifətdə olmaq kolluqda gizlənib “partizanlıq” etmək demək deyil. Siyasi müxalifət siyasi dialoq mühitini peşəkar ünsiyyət vasitəsinə çevirən və sahib olduğu ideyaları cəmiyyətin inkişafı naminə əməkdaşlıq etməklə həyata keçirən siyasi institutdur.
Reallıqdan qopmuş və öz maniakal ambisiyalarında boğulan bu siyasətçi nə özünə, nə də ki, ətrafındakılara faydalı ola bilmir. Oxucuda bu məqmda sual yarana bilər: sağlam düşüncəli və inkişaf etmək istəyən bir şəxs tərəfdaşlarına tutarlı dəstək və uğurlu yol göstərə bilməyən, ötən müddət ərzində heç bir nailiyyəti olmayan, adı yalnız qalmaqal və təxribat xarakterli olaylarda çəkilən, açıq rəqabətdən qaçan, yalan danışmağı və müxtəlif bəhanələri uydurmağı özünə yol seçmiş, tərəfdaşlarını davamlı olaraq satan, habelə natamamlıq kompleksindən ciddi “əziyyət” çəkənə qarşı niyə rəğbət bəslənməlidir ki?!
politoloq Asif Adil