
Vətən anlayışı heç də yalnız coğrafi məkan deyil, həm də siyasi baxımdan çox dərin bir anlam kəsb edir. Vətən müqəddəsdir. Vətənə sədaqət, dövlətə və onun qanunlarına hörmət deməkdir.
Vətəni qorumaq, dövləti qorumaq, xalqı qorumaq, və sadaladığımız dəyərlərə hörmət, ehtiram və sayğı göstərməkdir. Çünki bizim suveren ərazimiz doğmalarımızın, şəhidlərimizin uyuduğu məkandır. Vətəni qorumaq üçün bütün milli, emosional yüklər səfərbər olunur. Bu vətənin hər çınqılı, hər tikanı, daşı, qayası, dərəsi bizim üçün müqəddəsdir. "Ana Vətən" sözünü ifadə etmək və onu bu şəkildə dərk etmək böyük xoşbəxtlikdir. Vətən həm siyasi anlamda, həm hüquqi məkan olaraq, həm də ideoloji dəyər kimi milli kimliyimizin sütunudur. Yəqin ki, bunu dərk edənlər cəmiyyətin çoxluğunu təşkil edir.Məhz buna görə həm dövlətimizə, həm siyasətimizə, həm də diplomatiyamıza olan diqqət və etimad artmaqdadır.
Vətəni qorumaq vəzifəmizi yerinə yetirərək, suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq naminə mərdliklə, qürurla öz missiyamızı həyata keçiririk. Dərk etməyənlər üçün isə bu – təhlükəli bir fəlakətdir. Onu da onlar düşünsün...
Vətənə sadəcə coğrafi məkan kimi baxanların atdığı addımlar, siyasi zəiflik, dayanıqsızlıq, keyfiyyətsizlik və davamlı olmayan yanaşmalarla müşayiət olunur. Belə düşüncə sahibləri prinsipiallıq nümayiş etdirə bilməyən, möhkəm siyasi mövqe ortaya qoya bilməyən insanlardır.
Onların mövqeyi isə çox zaman birbaşa dövlətə qarşı yönəlir. Artıq bu cür insanlar siyasi səhnədə ciddiyə alınmayan kəslərə çevriliblər. Onlar öz siyasi çəkilərini o qədər aşağı salıblar ki, siyasi boşluqda gündə birinin “təyyarəsinə” mindirilir, düşürdülür. Bu boş və zəif siyasətçilər siyasətdə cır-cırama rolu oynayırlar.
Bu gün dünya bir-birinə qarışıb. Qafqazda regiondan kənar qüvvələrin aktivləşməsi, Rusiya–Ukrayna müharibəsi, NATO-nun və digər ölkələrin bu müharibədəki maraqları, Yaxın Şərq problemi, İsrail–İran münasibətləri və bizim Rusiya ilə son zamanlar soyuqlaşan münasibətlərimiz. Bütün bunların nədən və niyə yarandığını yalnız siyasi biliklərə malik olan insanlar anlayır.İstənilən siyasətçi dövlət tərbiyəsi görmüş, Vətənə sevgisi olan bir şəxs olaraq öz maraqlarını milli maraqlarla uzlaşdıraraq, xidmətlərini bu çərçivədə həyata keçirməlidir.
Lakin bəzi “cır-cır səsi çıxardan siyasi böcəklər” fəaliyyətlərini, sanki təbiətdəki cırcıramalara bənzədərək, mənasız səslərlə gündəmdə qalmağa çalışırlar. Bu xalq isə artıq öz milli ideologiyası ətrafında birləşir, milli birliyini möhkəmləndirir və etimadını – böyük düşüncəyə malik, uzaqgörən siyasət xadiminə göstərir.
Bu günün reallıqlarını həm bizim, həm də dünyanın qəbul etdiyi reallıqları şəhidlərimiz, qazilərimiz, ümumilikdə xalqımız və dövlətçilik prinsiplərimizi, maraqlarımızı qoruyub saxlayan, inkişaf etdirən, möhkəmləndirən siyasi strategiyanı yazan Cənab Prezident İlham Əliyevdir.
Bu "siyasi böcəklərin" qidalandığı mənbə bəllidir.
Onların çıxardıqları səslər də məhz bu qidalanmadan əmələ gəlir.
Yaşasın Ana Vətənimiz – Azərbaycan!
Ramil Hüseynov, YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri